“Təkərdə”kilər
Rəşad Ergün
Bir dəfə “Komanda” qəzetində dünyaca məşhur yazıçı Cek Londonla bağlı sorğu etmişdik. Futbol adamlarına “Cek London kimdir” sualı ünvanlanmışdıq. Cavablar heyrətamiz idi. Azərbaycan futbolunda Cek Londonun dünyanın oxuyan, düşünən kəsimi arasında ünlü olduğu qədər məşhur olan mütəxəssislərimizdən biri mərhum yazıçının ingilis futbolçu olduğunu demişdi. Xülasə, sorğuya qatılanlardan kimsə Cek Londonun kim olduğunu bilməmişdi.
Bayaq dostlardan birinin paylaşımı çıxdı qabağıma. Azərbaycan millisinin və “Qarabağ” klubunun keçmiş futbolçusu Vüqar Nadirovun “TikTok”da – “Təkərdə” şousuna qatılması ilə bağlı idi. Paylaşımda haqlı olaraq bir az rişxənd, ironiya var idi.
Biz uzun illərdir azərbaycanlı məşqçilərdən, futbolçulardan yanlış olaraq çox şey, ya da, ən azından nəsə gözləyirik: Bir işıq, parıltı, lənət şeytana, iynənin ucu boyda yaxşı nəsə. Kitab oxumayan, Cek Londonu tanımayan bu adamlardan Xviça Kvaratsxeliya, Mixail Mudrik olmalarını istəyirik. Oysa hər şey beyindən başlayır, intellektual səviyyə hansı sahədə çalışırsan çalış, səni başqalarından fərqləndirəcək.
Yox, yox, məsələ təkcə Vüqar Nadirovun azərbaycanlıların Azərbaycan seqmentində “palatka toyu”na çevirdiyi “TikTok”da hansısa şouda iştirakından getmir. Məsələ burasındadır ki, Vüqar Nadirov da kitab oxumayıb, oxumur, oxumayacaq da. Mərhum jurnalist Rasim Əliyevin ölümündə böyük pay sahibi olan, hazırda “Şamaxı”nın qeyri-rəsmi baş məşqçisi Cavid Hüseynov da kitab oxumayıb, oxumur, oxumayacaq da. Və… neçə-neçə vüqarlar, cavidlər, futbolçular, məşqçilər. Oxumayıblar, oxumurlar, oxumayacaqlar. Ona görə də, nə məşqçi kimi məşqçi ola bilirlər, nə də futbolçu kimi futbolçu. Elə buna görə də, Biləcəridən o tərəfə çıxa bilmirlər. Çıxanlarının da əli ətəklərindən uzun geri dönmələrinə min bir bəhanələri olur. Biri də demir ki, biz oxumuruq, savadsızıq, intellektual səviyyəmiz Avropa klublarında oynayan avropalılardan çox geri qalır.
Uşaqlar, “TikTok”dan, “Təkərdə”n çıxın, kitab oxuyun. Məsələn, elə həmin Cek Londonun “Martin İden”indən başlaya bilərsiz.
Bizi Facebook-da izləyin