“Azərbaycan futbolunun yükünü çiynimdə daşıdığımı düşünmürəm” – Qurban Qurbanov
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, 50 yaşlı mütəxəssis əvvəlcə bunları söyləyib:
- İlin məşqçisi sevilmək mənim üçün çox xoş oldu. Verdikləri dəyərə görə hər kəsə təşəkkür edirəm. Tədbir ildən-ilə daha maraqlı keçir.
- Bu il idman mediasının fəaliyyətini necə dəyərləndirirsiz?
- Bəlkə də, bu il onlar üçün ən ağır illərdən biri oldu. Bizim avrokuboklardakı bütün oyunlarımız gərgin və maraqlı keçdi. Əvvəl müsahibəmdə də bildirmişdim ki, azarkeş baxımından ən maraqlı il oldu. Azərbaycan futbolunun sevilməsi, gələcək inkişafı üçün çox faydalı il yaşadıq. Futbolçular, məşqçilər kimi media nümayəndələri də gərgin idilər. Bunu mətbuat konfransınlarda görürdüm. Oyundan əvvəl həyəcanlı şəkildə suallar verirdiniz. Bizim yaşadığımız hissləri sizdə də gördüm. Hər birinizə təşəkkür edirəm. Bu il böyük futbolun dadını daha çox hiss etdik.
- 2022-ci ildə təəssüfləndiyiniz an hansı oldu?
- İndi deməyim bir qədər düzgün çıxmaz. Sonradan fikir bildirmirəm. Təəssüfləndiyim an həmin dəqiqədə, saniyədə olur. Bu gün əldə etdiklərimizə görə şükür edirəm. Bəlkə də, düşünə bilərik ki, daha böyük turnirlərdə iştirak edə bilərdik. Amma hər bir halda futbolçularımdan razı qaldım.
- “Qarabağ” azarkeşlərinə nə vəd verə bilərsiz?
- Mənim onlara heç bir vəd verməyimə ehtiyac yoxdur. Çünki biz bir-birimizə inanırıq, güvənirik. Mən onların öz komandalarına necə sadiq olduqlarını bilirəm, onlar da mənim necə sadiq olduğumu bilirlər. Nə qədər ki, “Qarabağ”dayam, məsuliyyətlə, istəklə, sevgi ilə komanda üçün bütün gücümü sərf edəcəm.
- Son günlərdə Musa Qurbanlının Polşanın “Poqon” klubuna keçəcəyi deyilir. Bununla bağlı “Qarabağ”a rəsmi təklif gəlib?
- Maraqlandıqlarını eşitmişəm. Amma rəsmi təklif yoxdur. Tam ciddi olandan sonra fikir bildirə bilərik. Ümumiyyətlə, belə qərarlarda çox diqqətli, həssas olmalıyıq. Futbolçumuz Avropaya getsin deyə bu addımı atıb, yana bilərik. Tam ciddi təklif olduğu halda götür-qoy etməliyik. Bu, sonranın müzakirə mövzusudur.
- Sizi hansısa əcnəbi klubun baş məşqçisi kimi görmək ehtimalı var?
- Hazırda yoxdur. Çox istərdim ki, “Qarabağ”a sadiq olum. Mənim daha məsuliyyətli olmağım bu kluba gəlməyimin sayəsində olub. Ona görə də buranı asanlıqla tərk etmək fikrində deyiləm. Həyatdır, qarşıda hər şey ola bilər. Nə vaxtsa böyük bir klubda getsəm, “Qarabağ”ı daha üstün tatacam.
- Bir baş məşqçi 17 oyunda 11 qol vuran futbolçunu (Musa Qurbanlı) start heyətdə oynatmırsa, siz həmin məşqçiyə nə deyərdiz?
- Həmin baş məşqçinin öz oğlu olsaydı, heç nə deməzdim (gülür).
- “Qarabağ”ın prezidenti Tahir Gözəl Konfrans Liqasının qalibi olmağı istəyir. Siz bu barədə nə deyə bilərsiz?
- İstəyir dedikdə, məncə, arzu edir. Bu, hamımızın arzusudur, istəyidir. Bəzən hər istədiyimizi əldə edə bilmirik. Bu, Tahir Gözəlin komandaya inamından irəli gəlir. Biz də çox istəyirik ki, daha da irəli gedək. Ölkədə futbolun inkişafı üçün böyük titulların çox köməyi olacaq. Buna çalışacağıq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin