Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının (AŞ) Ümumdünya Antidopinq Agentliyi (ÜADA) ilə birgə keçirdiyi Antidopinq Konvensiyasına uyğunluğun monitorinq edilməsi üçün təyin olunan qiymətləndirmə heyətində təmsil olunub.

AMADA-dan Komanda.az-a verilən məlumata görə, yerli qanunvericiliyin və fəaliyyətin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunun yoxlanılması çərçivəsində 22-24 noyabr tarixlərində Portuqaliyada monitorinq həyata keçirilib.

Qiymətləndirmə heyətində Azərbaycan nümayəndəsi, AMADA-nın direktoru Şəfəq Hüseynli ilə yanaşı Avropa Şurası katibliyinin, ÜADA-nın, habelə Kipr, Fransa, Polşa və Belçika dövlətlərinin nümayəndələri təmsil olunublar.

Heyət səfər çərçivəsində bu ölkənin gənclər və idman, ədliyyə polisi, gömrük sahəsindən məsul dövlət qurumları, milli antidopinq təşkilatı, İdman arbitraj məhkəməsi və intizam qurumunda, habelə Olimpiya və Paralimpiya komitələrində, milli idman federasiyalarında görüşlər keçiriblər.

İkitərəfli görüşlərdə bu ölkənin qanunvericiliyi, milli antidopinq qurumunun strukturu və fəaliyyəti, dövlət qurumlarının, idman təşkilatlarının fəaliyyəti, dopinqin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumatlar alınıb və müzakirələr aparılıb.

Məqsəd bu parametrlər üzrə Portuqaliyanın antidopinq sahəsində qanunvericiliyinin və antidopinq fəaliyyətinin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunu yoxlamaq olub. Qiymətləndirmənin nəticəsi olaraq hesabat hazırlanaraq Avropa Şurasına təqdim ediləcək.

Şəfəq Hüseynli daha əvvəl Niderlandın Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunu qiymətləndirən heyətə rəhbərlik edib, habelə Kiprdə analoji missiyada təmsil olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button