“Borussiya”dan yeni transfer
Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Tuluza” klubunun yarımmüdafiəçisi Natan Nqumunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almanlar bu keçidə görə Liqa 1 təmsilçisinə 8 milyon avro ödəyiblər. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.
Natan Nqumu “Tuluza”nın yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc yarımmüdafiəçi bu komandada 59 oyuna çıxıb, 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Nqumu Fransanın U-19 və U-21 yığmalarında da çıxış edib.
Mönhenqladbax klubu kapitanı Yonas Hofmannla da yeni müqavilə bağlayıb. 30 yaşlı futbolçunun müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər idi. O, yeni müqaviləyə əsasən 2025-ci ilə qədər bu klubda qalacaq. Tərəflər bunu daha 1 il artırmaqla da bağlı ilkin razılıq əldə ediblər.
Yonas Hofmann 2016-cı ildən bu klubun uğurları üçün çalışır. O, meydana çıxdığı 186 oyunda 37 qol vurub. Almaniyalı futbolçu daha öncə “Hoffenhaym”, “Borussiya” (Dortmund) və “Maynts” klublarında da forma geyinib. Yarımmüdafiəçi Almaniya yığmasında da 14 oyun keçirib, 4 qol vurub.
“Borussiya” qapıçısı Morits Nikolası da Niderlandın “Roda” klubuna icarəyə verib. Almaniyadan olan 24 yaşlı qolkiper mövsümün sonuna kimi icarədə oynayacaq. O, daha öncə “Union Berlin”, “Osnabryuk”, “Viktoriya” (Köln) klublarında da icarədə oynayıb, Almaniyanın U-19, U-20 və U-21 yığmalarının formasını geyinib.
Nqumunu “Borussiya”ya satan “Tuluza” isə İsveçin “Elfsborq” klubunun sol cinah müdafiəçisi Oliver Zandeni transfer edib. İsveçli futbolçunun keçidi üçün qarşı tərəfə 1,5 milyon avro ödənilib. 21 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. “Elfsborq”un öz yetirməsi olan Zanden, ötən ildən formasını geyindiyi əsas komandada 18 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, İsveçin U-19 və U-20 yığmalarında da oynayıb.
“Tuluza” öz oyunçularından Kalidu Sidibeni “Keviyi Ruan”a, Samuel Kasonqonu isə “Bellintsona”ya satıb. Bu transferlərə görə klubun nə qədər qazandığı açıqlanmır. “Paris”in yetirməsi olan Sidibe 2018-ci ildən “Tuluza”da idi. 23 yaşlı yarımmüdafiəçi bu komandada 34 oyun keçirib, 1 qol vurub. Tuluzalılar onu daha öncə “Şatoru”ya, ötən mövsüm isə “Keviyi Ruan”a icarəyə vermişdi. Kasonqo isə Fransa klubuna 2020-ci ildə “Yanq Boyz”dan gəlmişdi. 20 yaşlı yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Ksamaks”da icarədə keçirib.
“Tuluza” Finlandiyadan olan yarımmüdafiəçisi Natan Skittanı da “Vikinq”ə icarəyə verib. 20 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. O, ötən ildən oynadığı “Tuluza”da 18 matça çıxıb. Buna qədər yarımmüdafiəçi yetirməsi olduğu “İlves”də çıxış edib. Gənc futbolçu Finlandiyanın U-21 yığmasının da üzvüdür.
Bizi Facebook-da izləyin