Stadion direktoru “Qarabağ”ın Avropa Liqasındakı oyunu ilə bağlı söz verdi – Müsahibə

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”ya (Plzen, Çexiya) uduzaraq, mübarizəni dayandırdı. Ağdam təmsilçisi mübarizəsini Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. “Köhlən atlar” Avroliqanın qrup mərhələsində “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) klubları ilə qarşılaşacaq. “Qarabağ” qrup mərhələsinin oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Bəs Respublika stadionu bu matçlara hazırdırmı? Bununla bağlı stadionun direktoru Şamil Quliyevlə əlaqə saxladıq. Quliyev Komanda.az-a müsahibəsində arenanın oyunlara tam hazır olduğunu dedi:

– Şamil bəy, Respublika stadionu “Qarabağ”ın Avropa Liqasındakı ev oyunlarına hazırdır?

– Stadion oyunlara tam hazırdır. UEFA tərəfindən hansısa bir əlavə tələb olarsa, onlar da dərhal yerinə yetiriləcək.

Amma stadionun ot örtüyü elə də yaxşı vəziyyətdə deyil. Oyunlara qədər yenilənmə ehtimalı var? Bu məsələ ilə bağlı hansısa addım atılacaq?

– Artıq bu istiqamətdə intensiv tədbirlər həyata keçirilir. Belə ki, saralmış hissələrdə otun bərpası ilə əlaqədar aqrotexniki tədbirlər görülür, toxum verilib, vaxtaşırı, iqlimə uyğun olaraq gübrə və dərmanlama da həyata keçirilir.

Yəni stadionun qazonu Fransa və Almaniya mətbuatında müzakirə obyektinə çevrilməyəcək deyə bilərik?

– Nə dərəcədə “müzakirə obyektinə çevriləcək”, o barədə fikir bildirməyə çətinlik çəkirəm. Amma onu tam əminliklə deyə bilərəm ki, bu ilin 15 sentyabr tarixində keçiriləcək oyunda stadionun qazonu ideal səviyyədə olacaq. Oyun günü siz də şahid olacaqsız. Hər halda, bu gün “Qarabağ” klubunun əməkdaşları tərəfindən qazona edilən qulluq göz qabağındadır və mənim bu sözləri əminliklə deməyimə əsas verir.

– Gənclər və İdman Nazirliyi, “Qarabağ” rəhbərliyi stadionla maraqlanırmı?

– Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Tofiq Bəhramov adına Respublika stadionu həm mərkəzi arena kimi, həm də belə mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkan kimi Gənclər və İdman nazirliyinin, şəxsən də cənab nazir Fərid Qayıbovun daim diqqət mərkəzindədir. “Qarabağ” klubu isə bildiyiniz kimi, bu stadionu öz doğma məkanı kimi bilir və daim bizimlə sıx əlaqədədirlər.

“Qarabağ” sentyabrın 15-də Bakıda Fransanın “Nant” komandasını qəbul edəcək. Oyun saat 20:45-də başlayacaq.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button