“Bizim üçün yaxşı təcrübə oldu” – Samir Əliyev
Azərbaycanın U-23 yığmasının baş məşqçisi Samir Əliyev 5-ci İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün 3-cü yer uğrunda oyunda qarşılaşdıqları Əlcəzair yığması ilə oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, penalti seriyasında qalib gəldikləri matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Daha əvvəl də dediyim kimi, turnirə gələndə heyətlə bağlı bir sıra çətinliklərlə üzləşdik, tam olaraq istədiyimiz heyəti gətirə bilmədik. Rəqiblərlə müqayisədə çox gənc heyətlə mübarizə apardıq. Etiraf edək ki, qrupdan çıxacağımıza bir o qədər də əmin deyildik. Amma uşaqlar bütün bacarıqlarını ortaya qoyub yarımfinala vəsiqə qazandılar. Təəssüf ki, finala yüksələ bilmədik. Bürünc medallar uğrunda gərgin mübarizə oldu. Oyunun gedişi də onu göstərirdi ki, qalib penalti seriyasında müəyyənləşəcək. Yekunda penalti zərbələrini daha dəqiq yerinə yetirərək qalib gəldik.
Turnirdə güclü rəqiblərlə qarşılaşdıq. Demək olar ki, komandalar ən güclü futbolçuları ilə mübarizə aparırdı. Biz isə, əsasən, əksəriyyəti qarşıdakı seçmə mərhələdə U-21-ə dəvət alacaq gənclərlə çıxış etdik. İslam oyunlarında keçirdiyimiz 4 oyun həm biz məşqçilər, həm də futbolçularımız üçün yaxşı təcrübə oldu. Bu cür oyunlar 21 yaşlıların seçmə mərhələ oyunlarında yaxşı nəticə qazanmaq baxımından faydalı olacaq”.
Bizi Facebook-da izləyin