Qurban Qurbanov: “Yeni transfer etmək ehtimalımız var”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 1-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Rəqibi yaxından tanımamaq bizə çətinlik yaratdı. Dünənki matç və bu oyun göstərdi ki, işimiz asan olmayacaq. İstənilən halda, oyunçular ilk matçdan necə hazırlaşmalı olduqlarını başa düşdülər. Mahmud Qurbanova və onun komandasına uğurlar arzulayıram. Ötən il bir məğlubiyyətimiz “Səbail”dən olmuşdu. Builki transferlərdən görünür ki, indi daha iddialıdırlar”.
Təcrübəli mütəxəssisin sözlərinə görə, bu matçdakı rotasiyalar “Ferentsvaroş”la UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfər matçı üçün zədədən qaçmağa yönəldilib: “Hardasa bir qədər zədədən ehtiyatlanırdıq. Ancaq bunun üçün rotasiyalar etdik. Bəlkə də kimsə az, kimsə çox oynadı. Şükürlər olsun ki, zədə olmadı. Bəlkə də qarşıdakı turlarda PFL-ə avrokubok matçı ilə əlaqədar istirahət verilməsini istədik. Ancaq indiki durumda buna ehtiyac görmürük”.
Qurbanov bildirib ki, transfer məsələsini hələ bağlamayıblar: “Yeni transfer etmək ehtimalımız var. Dayanmamışıq. İmkan olduğu qədər transfer etməyə çalışacağıq”.
Baş məşqçi sosial şəbəkələrdə çempionat oyunlarına bilet satışının təşkil edilməsi ilə bağlı yaranan narazılığa da toxunub: “Bilet mənə aid olmayan məsələdir. Əlbəttə ki, bütün insanların yaşayış tərzi eyni deyil. Ancaq inanmıram ki, çempionat oyunlarına bilet satışının olması azarkeş sayına təsir etsin. Klubda bu işlə məşğul olan ayrıca şəxslər var. Mən daim istəyərəm ki, azarkeşlər stadionu doldursunlar”.
O, Julio Romaonun oyunundan razı qaldığını bildirib: “Bir neçə oyundan sonra daha yaxşı Romao görəcəyik. Ancaq tam əminliklə deyə bilməyəcəm ki, o, “Ferentsvaroş”la oyunda start heyətdə yer alacaq, ya yox”.
Qurbanov Macarıstan “Ferentsvaroş”unun futbolçusu Endre Botkanın Tofiq Bəhramov adına Respublika stadionuna kabab iyi və tüstüsünün gəlməsi barədə fikirlərinə də münasibət bildirib. 50 yaşlı mütəxəssis matçın hər iki komanda üçün eyni şərtlər altında keçdiyini söyləyib. Qurbanov əcnəbilərin Azərbaycan kababından danışmalarını sevindirici hal adlandırıb: “Bilmirəm, Botka bunu hansı mənada deyib. Hava hamımız üçün eynidir. Əksinə, sərin havada oynanılan məşq daha rahat oynanılır. Qaldı ki, onların burnuna Azərbaycan kababının iyinin gəlməsinə sevinirəm. Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından da sosiska iyi gələ bilər. Biz hamımız azərbaycanlıyıq. Hər bir xalqın öz adət-ənənəsi var. Ümumiyyətlə, əcnəbilər həmişə Azərbaycanda kababdan danışırlar”.
Bizi Facebook-da izləyin