“Çox istərdim ki, şəhidlərimiz olmasın” – Qurban Qurbanov
“Oyunöncəsi isinmə hərəkətləri etməyə çıxanda antiterror əməliyyatı haqqında eşitdik. Allah şəhidimizə rəhmət etsin”.
Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Ferentsvaroş” komandasına qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, şəhidimizin olduğunu eşitmək xoş deyil: “Bəzi vəziyyətləri düzgün ifadə etməliyik. Belə hallar hər zaman bizi üzür. Mənim üçün bu hadisənin təsiri çox böyükdür. Çünki çox şəhidlərimiz olub. O insanların öz ailələrini, yaxınlarını qoyub vətəni qorumaq üçün canlarından keçmələri bizim üçün çox ağırdır. Hər birimizə təsiri var. Ola bilsin ki, hansısa futbolçu oyundan əvvəl bunu eşitmədi. Amma matçdan sonra onların arasında söhbət gedirdi”.
Qurbanov yerlilərlə bərabər legionerlərin də bu cür olaylara biganə qalmadıqlarını diqqətə çatdırıb: “Legionerlərin hər biri komandanı o qədər çox sevir ki, onlar da belə hadisələrə reaksiya verirlər. İnanıram ki, onlara da təsir edəcək. Çox istərdim ki, şəhidlərimiz olmasın. Allah ailələrinə səbr versin”.
Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Azərbaycan Ordusu buna cavab olaraq “Qisas” əməliyyatı keçirib.
Bizi Facebook-da izləyin