“Barselona” 2 futbolçusu ilə yollarını ayırdı
İspaniyanın “Barselona” klubu iki futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi müdafiəçi Mussa Vaqeni Xorvatiyanın “Qoritsa” klubuna satıb.
Bu transferin detalları açıqlanmasa da, Kataloniya klubu seneqallı sağ cinah müdafiəçisinin gələcək satışından müəyyən pay alacağını bəyan edib. Vaqe yeni komandasında 15 nömrəli formanı geyinəcək.
Mussa Vaqe “Barsa”ya 2018-ci ilin avqust ayında transfer olunmuşdu. Lakin 23 yaşlı müdafiəçi Kataloniya klubunda əsas heyət üzvünə çevrilə bilməyib. Bu komandada cəmi 6 oyunda çıxan futbolçu, “Nitsa” və PAOK klublarına icarəyə verilib. Seneqal yığmasında 21 oyuna 1 qol vurmuş oyunçu, daha öncə Belçikanın “Eupen” klubunda da forma geyinib.
İspaniya nəhəngi hücumçusu Rey Manayı da İngiltərənin “Uotford” klubuna satıb. 25 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Onun gələcəkdəki satışından əldə olunacaq gəlirin 50 faizi Kataloniya klubuna ödəniləcək.
Rey Manay 2020-ci ilin yanvarında “Albasete”dən “Barselona”ya transfer olunmuşdu. Lakin albaniyalı hücumçu bu klubun əsas komandasında forma geyinməyib. Ötən mövsümdə isə o, İtaliyanın “Spetsiya” klubunda çıxış edib. Hücumçu əvvəllər “Kremoneze”, “İnter”, “Peskara”, “Piza” və “Qranada”da da forma geyinib. Albaniya yığmasında 31 oyun keçirmiş futbolçu, 7 qola imza atıb.
Bizi Facebook-da izləyin