Kevin Medinanın durumu açıqlandı

“Qarabağ”ın ötən gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”lə cavab görüşündə zədələnən futbolçusu Kevin Medina növbəti mərhələdə Macarıstan “Ferentsvaroş”u ilə ilk görüşü buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov danışıb.

O, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib:

“Bilirik ki, Kadi Borges, Riçard Almeyda və Kevin Medina oynamayacaq. Bu, dəqiqdir. Əlimizdəki digər oyunçulara çox güvənirik. Buna uyğun dəyişikliklər edə bilərik. Medina buradan birbaşa MRT müayinəsinə gedəcək. Bəlkə də 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq”.

Xatırladaq ki, Medina “Sürix”lə oyunun 40-ci dəqiqədə zədələnib. Oyunu davam etdirə bilməyən futbolçu meydanı ağlayaraq tərk edib. Onu 44-cü dəqiqədə Bədavi Hüseynov əvəzləyib.

“Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-da Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button