“Santos”dan La Liqa klubuna 7 milyon avroluq transfer
İspaniyanın “Almeriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, geridə qalan mövsümdə Sequndada çempion olan və yeni mövsümdən La Liqada mübarizə aparacaq klub braziliyalı müdafiəçi Kaikini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyanın “Santos” klubundan transfer olunmuş futbolçu ilə 6 illik müqavilə imzalanıb. İspaniya klubu bu transfer üçün “Santos”a 7 milyon avro ödəyib.
Kaiki “Santos”un öz yetirməsidir. O, bu klubun əsas komandasında 53 oyun keçirib, 2 qol vurub.
“Almeriya” yarımmüdafiəçisi Xavi Roblesi də icarəyə göndərib. 21 yaşlı futbolçu qarşıdakı mövsümü “Fuenlabrada”da keçirəcək. Klubun öz yetirməsi olan Xavi, əsas komandada 2021-ci ildə debüt edib və 13 oyuna çıxıb.
Müdafiəçi Conatan Silva, yarımmüdafiəçi Daniel Karriso və hücumçu Xuan Vilyar isə “Almeriya”dan birdəfəlik ayrılıb. Onlarla yeni müqavilə bağlanmasına ehtiyac duyulmayıb.
Xuan Vilyar 2020-ci ildən formasını geyindiyi “Almeriya”da 46 oyun keçirib. 34 yaşlı ispan futbolçu daha öncə “Rekreativo”, “San Roke”, “Kadis”, “Valyadolid”, “Tenerife”, “Osasuna” və “Rayo Valyekano”da da çıxış edib.
Conatan Silva 2019-cu ildən “Almeriya”da idi. Amma o, son iki mövsümdə “Las Palmas” və “Botafoqo”da icarədə oynayıb. Braziliyadan olan 24 yaşlı futbolçunun bundan sonra “Botafoqo”da çıxış edəcəyi gözlənilir.
Portuqaliyalı Daniel Karriso isə 2021-ci ilin yayından bu komandada çıxış edirdi. 33 yaşlı futbolçu 6 oyuna çıxıb və zədə səbəbindən mövsümün böyük hissəsini buraxmalı olub. Portuqaliya millisinin sabiq üzvü daha öncə “Sportinq”, “Olhanense”, AEL (Limassol), “Ridinq”, “Sevilya və “Vuhan Zall” klublarında da forma geyinib.
Bizi Facebook-da izləyin