Acun İngiltərə klubuna Türkiyədən daha bir transfer etdi

İngiltərənin “Hall Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, türkiyəli Acun Ilıcalının rəhbəri olduğu bu klub “Yeni Malatyaspor”dan Benjamin Tettehi transfer edib.

Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qanadan olan 25 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.

Maraqlıdır ki, Tettehin “Yeni Malatyaspor”la 2025-ci ilin yayına kimi müqaviləsi olmasına baxmayaraq, “Hall Siti” Türkiyə təmsilçisinə heç bir transfer məbləği ödəməyib. Acun Ilıcalının Super Liqa klubunu necə razı saldığı isə açıqlanmır.

Benjamin Tetteh 2020-ci ildən “Yeni Malatyaspor”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 60 matçda 14 qol vurub. Qana yığmasının da üzvü olan hücumçu, karyerası ərzində “Sparta” (Praqa), “Bohemians”, “Slovaçko” və “Standard” (Lyej) klublarının da formasını geyinib.

Xatırladaq ki, Acun bu yay Türkiyənin “Fənərbaxça” klubundan Ozan Tufanla Allahyar Sayyadmaneşi, həmçinin “Antalyaspor”dan Doğukan Siniki də Çempionşip təmsilçisinə aparıb. Onun növbəti hədəfinin isə “Trabzonspor”da çıxış edən Antoni Nvakaeme olduğu iddia edilir.

Yeri gəlmişkən, “Yeni Malatyaspor”un digər futbolçusu Mustafa Eskihellaç da Super Liqanın digər təmsilçisi “Qaziantep”ə keçib. Bu barədə 27 yaşlı futbolçunun yeni klubu məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Mustafa Eskihellaç 2018-ci ildən Malatya klubunun uğurları üçün çalışırdı. Yarımmüdafiəçi bu dövr ərzində “Elazığspor” və “Boluspor”da icarədə də oynayıb. Türkiyənin U-20 yığmasında da oynamış futbolçu geridə qalan mövsümdə “Yeni Malatyaspor”da 32 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button