“Yunanıstanı yaxşı tanıyırıq” – millinin hücumçusu

“Yunanıstanı daha yaxşı tanıyırıq. Çünki bu komanda ilə ötən il iki dəfə üz-üzə gəlmişik”.

Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın futzalçısı İsa Atayev 2024-cü il dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

O, bildirib ki, yunanlara qarşı ilk matçda iştirak etməsə də, Bakıdakı dueldə meydana çıxmışdı: “Hətta bir qol da vurdum. Yəni onları yaxşı tanıyırıq. Əlbəttə, rəqibimiz də bizi yaxşı tanıyır. İki il əvvəl isə Yunanıstanın AEK klubu ilə üz-üzə gəlmişdik”.

Hücumçu digər rəqibləri olan Polşa seçməsinə qarşı isə oynamadığını söyləyib:

“Daha doğrusu, son illərdə onlarla yolumuz kəsişməyib. Amma inkişafa olduqları aydındır. Çünki bu komanda son 2 Avropa çempionatının final mərhələsində iştirak edib. Deməli, zəif deyillər. Məncə, qrupu birinci pillədə başa vurmaq şansımızın 80 faizdir”.

“Araz-Naxçıvan” isə Çempionlar Liqasında Bosniya və Herseqovina “Mostar”ı, eləcə də D və F qrupunun qalibi ilə üz-üzə gələcək. Atayev bu turnirdə də uğur qazanacaqlarına inandığını vurğulayıb:

“Hələlik bir rəqibimiz dəqiq bilinir. Digər iki komandanın kimliyinə gələn ayın sonunda aydınlıq gətiriləcək. Hər halda, zəif klublar olmayacaq. Bu dəfə hazırlaşmaq üçün vaxtımız çoxdur. Heyətimiz də gücləndiriləcək. Bilirəm ki, komandamıza bir neçə yeni futzalçı qoşulacaq və onlar da bizə kömək edəcək gücdə olacaqlar. Bu qrupdan ancaq bir komanda elit-raunda yüksələcək, inanıram ki, həmin kollektiv də biz olacağıq. Məqsədimiz həm milli, həm də klub səviyyəsində uğur qazanmaq, azarkeşlərimizi sevindirməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button