“Bugünkü duruma görə onlardan razı qalmalıyam” – Qurban Qurbanov
“Futbolçuların hamısının bir yerdə keçirdiyi vaxt az oldu. Hazırlıq müddətində bizim üçün vacib olan xırda detallara əl atdıq. Əvvəlki illərdə bu prosesə bəlkə də toplanışın 10-15-ci günündən başlayırdıq. İndi isə vaxtımız yox idi”.
Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriyada başa çatan təlim-məşq toplanışının yekunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis qısa müddətdə yaxşılaşdırmalı olduqları məqamların hər birini futbolçulara xatırlatdıqlarını bildiirb:
“Onları nromal səviyyəyə qaldırmağa çalışdıq. Hər biri təcrübəli futbolçu olsa da, bəzi detalları daim təkrarlamalıyıq ki, eyni səhvləri etməsinlər”.
Baş məşqçi hazırlıq prosesindən tam razı qalmadığını söyləyib:
“Fikirlərimi futbolçuların hamısına çatdırmağa vaxtımız olmadı. Hər bir halda üç oyunluq toplanışımızda onların tələblərimizi yerinə yetirmələrinə çalışdıq. Əllərindən gələni etdilər. Bugünkü duruma görə onlardan razı qalmalıyam. Çünki müsbət məqamlar çox oldu”.
Qurbanov futbolçular çox istəklə hazırlaşdıqlarını vurğulayıb:
“Bəzi günlərdə hava şəraitinə baxmayaraq, məşqlərimizi təxirə salımadıq. Ümid edirəm ki, komanda “Lex”lə oyuna kimi daha yaxşı səviyyəyə qalxacaq”.
“Qarabağ” Polşa “Lex”inə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu iyulun 5-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.
Bizi Facebook-da izləyin