Beyl “Real”la bu sözlərlə vidalaşdı
Uelsli futbolçu Qaret Beyl “Real”dan ayrıldığını açıqlayıb.
Komanda.az xəbər verir ki, Beyl bu barədə sosial şəbəkə hesabında yazıb:
“Bunu keçmiş və indiki bütün komanda yoldaşlarıma, eləcə də məni dəstəkləyən məşqçilərə, “Real”ın heyətinə və azarkeşlərə təşəkkür etmək üçün yazıram.
Doqquz il əvvəl “Real”a arzusunu gerçəkləşdirmək və bu klubda oynamaq istəyən çox gənc oyunçu kimi gəlmişdim. Sinəsində “Real”ın nişanı olan “Real” forması ilə oynamaq, “Santyaqo Bernabeu”da mübarizə aparmaq, kuboklar qazanmaq və möhtəşəm bir işin bir hissəsi olmaq istəyirdim. İndi geriyə baxıb səmimiyyətlə deyə bilərəm ki, arzum həqiqətən gerçəkləşdi.
“Real”ın bir hissəsi olmaq və əldə etdiyimiz hər şeyə nail olmaq inanılmaz təcrübədir və mən bunu heç vaxt unutmayacam. Bu, mənim üçün şərəf idi. Təşəkkürlər!”
32 yaşlı uelsli futbolçu 2013-cü ildən Madrid klubunda çıxış edirdi. O, “Real”la 3 dəfə İspaniya çempionatının, 1 dəfə İspaniya kubokunun və superkubokunun, 5 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA superkubokunun və 4 dəfə Klublararası dünya çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin