Ayxan Abbasov: “Turan Tovuz”un maliyyəsi ilə maraqlanmışıq” – Müsahibə
“Sumqayıt”ın keçmiş çalışdırıcısı, “Turan Tovuz”un yeni baş məşqçisi kimi tezliklə təyinatının rəsmi açıqlanacağı gözlənilən Ayxan Abbasovun Komanda.az saytına müsahibəsi:
– Ayxan bəy, “Turan Tovuz”un maliyyə durumu ilə maraqlanmısızmı?
– “Turan Tovuz”un Premyer Liqada çıxışı dəqiqləşəndən sonra rəhbərlik bir neçə mütəxəssislə görüşmüşdü. Məşqçilərin fikirlərini öyrənmişdilər, klubun öz planları var idi. Bu yöndə danışıqlar olmuşdu. Rəhbərlik mənimlə də danışmışdı. Müzakirə etmişdik ki, gələn mövsüm necə olacaq, nə edə bilərik, hansı şərtlər olacaq. Bu yöndə klub rəhbərliyi ilə görüşümüz olub. Sonra Müşahidə Şurasının iclası keçirildi və orada mənə etimad göstərdiklərini dedilər. Buna sevinirəm. İlk olaraq bütün klub rəhbərliyinə təşəkkür edirəm.
Bu gün “Turan Tovuz”da baş məşqçi olmaq böyük bir məsuliyyətdir. Gələcəkdə yerli, gənc futbolçuların yetişməsi üçün klubun akademiyasını qurmaq istəyirlər. Rəhbərliyin əsas istəyi budur. Premyer Liqada vuruşan komanda görmək istəyirlər.
Hələ klub rəhbərliyi ilə görüşüm olmayıb. İnşallah, yaxın günlərdə görüşüb, bütün detallara toxunacağıq.
Əlbəttə, klubun maliyyəsi ilə maraqlanmışıq. Bilirsiz ki, maliyyə çox önəmlidir. Əsasən də, Premyer Liqada fərq çox olanda, istər-istəməz digər klublardan geri qalırsan. Bu yöndə işlər gedir, bilirəm ki, federasiyadan da köməklik var. Futbolun İnkişafı Fondu da yardım etmək istəyir. Yaxın günlərdə klub rəhbərliyi özü bu barədə məlumat verəcək. Lakin ilk istəyimiz odur ki, Premyer Liqada mübarizə aparmaq, bünövrəni yaxşı qoymaq üçün maliyyə ayrılmalıdır. Ümid edirəm ki, bu olacaq.
– Bölgə klubunda ilk dəfə baş məşqçi olacaqsız. Nə kimi planlarınız var?
– Bölgəyə futbolun qayıtması məni sevindirir. Bölgədə çalışdım və ya çalışmadım, bu gün bölgədən iki nəhəng komandanın Premyer Liqaya gəlməsi çempionatımıza rəng qatacaq. İnşallah, gələcəkdə digər rayon və şəhərlərimiz də Premyer Liqaya qayıdar. Bölgələrdə futbolu sevirlər. Azarkeş kütləsi çox olacaq, çempionatımıza rəng qatacaqlar. Çünki bölgə azarkeşləri bizim çempionatın ən əziyyət çəkən azarkeş kütləsidir. “Turan”da futbolçu kimi çıxış etmişəm, azarkeşlərin futbolla necə nəfəs aldığını bilirəm.
Planlarımız var. Çalışacağıq ki, yaxın zamanlarda akademiyadan gənc futbolçular əsas komandaya, milli komandalara düşsünlər. Klub rəhbərliyinin bünövrəni qoyması üçün Premyer Liqa vacib idi. Futbolçuların motivasiyası, istəkləri artacaq.
– Baş məşqçi olduqdan sonra hansı futbolçuları “Turan Tovuz”a transfer etmək istəyərsiz?
– Tam müqavilə bağladıqdan sonra transfer məsələsinə baxacağıq. İlk olaraq komandanı qurmaq lazımdır. Bilirsiz ki, ən çətin iş komanda qurmaqdır. Burada futbolçuların seçimi önəmlidir. Hansı futbolçularla ağır yola çıxmaq olar, bilməliyik. “Turan Tovuz” birinci divizionda çıxış edirdi. Əvvəlcə orada olan futbolçulara baxacam. Onlara nəzər yetirəcəyik. Bilirəm ki, o futbolçular da istəklidir. Çalışacağıq ki, onları da komandada saxlayaq. Bəyəndiyimiz futbolçular var. Müəyyən gənc futbolçular var ki, öz klublarında az şans qazanırlar. Çox istərdim ki, az şansı qazanan gənc futbolçular bizim klubda çıxış etsinlər.
– “Sizcə, “Turan Tovuz” Premyer Liqada özünü sübut edə biləcəkmi?
– “Turan Tovuz”la “Kəpəz” Premyer Liqaya yenidən qayıdır. Çox böyük hədəflərdən danışmaq üçün hələ tezdir. Çətin olacaq. Lakin klub rəhbərliyi də səbirli olduğunu bildirdi. Bu yöndə hər kəs səbirli olub, inkişaf etməyin düzgün yolunu tapmalıdır. Səbirli olsaq, inkişaf da olacaq.
– Öncəki komandanız “Sumqayıt”ın oyunlarını yəqin ki, izləyirsiz. Premyer Liqada 7-ci yerdədir. Bu qədər zəif çıxış etmələrini gözləyirdizmi? Sizcə, uğursuzluğun səbəbi nədir?
– “Sumqayıt” haqqında çox geniş danışmaq istəmirəm. Klubun zəifləməsinin müəyyən səbəbləri var. Bunu mən də bilirəm, klub rəhbərliyi də bilir. Qışdan sonra bir çox dəyişiklik etdilər, yeni oyunçular gətirdilər. Baş məşqçi sistemi dəyişdi. Bu sistemi komandaya tez bir zamanda uyğunlaşdırmaq çətin məsələdir. Futbolçuların psixoloji durumu çox vacib idi. “Sumqayıt” son oyunda qalib gəlsə, mövsümü 6-cı yerdə də bitirə bilər. Komanda keçən il və ondan əvvəlki il uğurları ilə həm azarkeşləri, həm də futbol ictimaiyyətini avrokuboklara alışdırmışdı. “Sumqayıt”dan bir çox futbolçular çıxdı, müəyyən komandalara transfer oldular. Bu gün onların zəifliyinin səbəbini axtarmaq mənə düşmür. İnşallah, özləri analiz edib, düzəldərlər.
Mehri Qurban
Bizi Facebook-da izləyin