Ədalətli oyun sahəsində fərqlənənlərə mükafat təqdim edildi
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası 2021-ci ilin yekunlarına əsasən ədalətli oyun sahəsində fərqlənənlərə mükafatlar təqdim edib.
Komanda.az xəbər verir ki, MOK-un inzibati binasında keçirilən tədbirə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, baş katibi Azər Əliyev, sabiq baş katib Ağacan Abiyev, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və müxtəlif idman federasiyalarının nümayəndələri qatılıblar.
Çingiz Hüseynzadə son iki ildə pandemiya ilə əlaqədar çətinliklə üzləşdiklərini bildirib:
“Hər il bu mükafatlandırmanı həyata keçiririk. Bu, bizim üçün əlamətdar gündür. 2021-ci ildə bunu gerçəkləşdirə bilmədik. Ötən il MOK-da hesabat seçkisi gerçəkləşdi. Seçkilər zamanı bizdə yeni şəxslər rəhbər heyətə gəldi. Həminki tədbirdə qərara gəldik ki, keçmiş vitse-prezident Xəzər İsayev və sabiq baş katib Ağacan Abiyev komissiyada qalsın. Tədbirdə iştiraka görə hamınıza təşəkkür edirəm. Sonda kimlərin mükafatlara layiq olduğunu görəcəksiz”.
Mükafatları Çingiz Hüseynzadə, Xəzər İsayev, Ağacan Abiyev və Zemfira Meftahətdinova təqdim edib.
Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyasında mükafat MOK-un baş katibi Azər Əliyevə, Ədalətli oyun prinsiplərinə sadiq hakim mükafatı Asif Şirəliyevə (güləş), ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatı Radiq Hüseynova (güləş), ədalətli oyun prinsiplərinə sadiq idmançı mükafatı karateçi Rafael Ağayevə təqdim edilib.
Bundan əlavə, 5 fotoqraf “ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qalibləri olub.
Bizi Facebook-da izləyin