Bakıdan Parisə uzanan “neft borusu”
Rəşad Ergün
Əvvəl də hamı ondan danışırdı, indi yenə hamı ondan danışır.
Azərbaycan futbolunun hər şeyi – söz sahibi, icraçısı, beyni, əli, ayağı sayılan Elxan Məmmədov FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb.
Daha Bakıda çox da oturmayacaq, səsi Fransanın paytaxtı Parisdən gələcək.
Azərbaycan insanını – fərqi yoxdur, vəzifədə olan, şişman qarınlı, qalstuklu məmurlardan tutmuş, taksi sürücülərinə qədər – yaxşı tanıyan biri kimi həmişə əmin olmuşam ki, bizim futbolun problemlərinin, top görəndə ayağımızın və başımızın işləməməsinin səbəbkarı bir və ya bir neçə nəfər deyil. Sistem və cəmiyyət olaraq hər kəs günahkardır. Yəni, sosial şəbəkədə “Urra! Elxan Məmmədov gedir, canımız qurtardı, futbol inkişaf edəcək” sevincinə qərq olanlar, tələsməyin, hər şey bu qədər sadə deyil.
Elxan Məmmədovun AFFA-nın baş katibi, icraçı vitse-prezidenti, xülasə, ölkə futbolunun başında dayanan vacib fiqur olaraq Azərbaycan futbolunda baş verənlərə münasibətini, xüsusən də, milli komandaların məğlubiyyətlərindən sonrakı davranışlarını heç vaxt bəyənməmişəm. Mən bu adamın milli komandanın məğlubiyyətindən sonra bir dəfə də olsun, kədərləndiyini görmədim. Mən onun yığma komandaların biabırçı nəticələri barədə danışarkən açıqlamalarından məyus, kədərli olduğunu, utanıb-qızardığını heç vaxt hiss etmədim. Əksinə, Elxan Məmmədov həmişə gülümsədi, hər zaman məsuliyyəti boynundan atdı, hər dəfəsində “qərarları AFFA-nın İcraiyyə Komitəsi verir” deyib, yaxasını kənara çəkdi. Onun hələ bir də, “uzun illər AFFA-da vacib postlarda çalışıramsa, deməli, işimi yaxşı görürəm, mənə etimad göstərirlər” deməsi var…
Elxan Məmmədov necə oldu ki, FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat aldı? Futbol biliyi və müstəsna bacarığı sayəsindəmi? Xeyr, Azərbaycan neftinin sayəsində Bakıda təşkil etdiyi lazımlı və lazımsız turnirlərin, bu turnirlərin təşkili zamanı FİFA, UEFA ilə qurduğu əlaqələr hesabına. Yəni, sənin, onun, başqasının cibinə getməli olan pulların sayəsində, futbol biliyi, futbol savadı sayəsində deyil.
Nə olur olsun, ortada bir fakt var. Ki, o fakt hətta Elxan Məmmədov kimi utanmağı çox da yaxşı bacarmayan biri üçün də dəhşətlidir. O faktın adı FİFA-nın milli komandaların reytinq siyahısında Azərbaycan yığmasının özünü pərçimlədiyi 129-cu sıradır. Milli komandası FİFA reytinqində 129-cu yerdə olan ölkənin futbol federasiyasının əsas fiquru, icraçı vitse-prezidenti FİFA-da direktor vəzifəsinə təyin olunub… Bilmirsən, güləsən, ağlayasan.
Hə, gələk o məşhur suala ki, Elxan Məmmədov getsə, Azərbaycan futbolunun canı qurtaracaqmı, inkişaf olacaqmı? Təəssüf ki, yox. Bu ölkədə futbol klubuna ayrılan 150 min manatı cibinə soxan Vilyam Hacıyev kimi icra başçıları, bələdiyyə sədri “seçilmək” üçün həmin icra başçılarına rüşvət verib, sonra bunu Azərbaycan MƏHKƏMƏLƏRİNDƏ etiraf edib, əlini-qolunu sallayaraq məhkəmə zalından çıxıb, rüşvətlə “seçildiyi” vəzifəsində həyatına davam edənlər olduqca, heç nə dəyişməyəcək. Bəlkə də, cüzi, kosmetik dəyişikliklər olacaq. Amma köklü şəkildə heç nə dəyişməyəcək. Elxan Məmmədov tək deyil ki, Azərbaycanda minlərlə, yüz minlərlə elxan məmmədovlar var. Və mütləq onlardan birinin yolu Azərbaycan futbolunun başından – AFFA-dan keçəcək. (Meydan.TV)
Bizi Facebook-da izləyin