Kamran Quliyev “Qarabağ”ın hansı futbolçusunu “Neftçi”də görmək istəyir? – MÜSAHİBƏ
“Neftçi” klubunun prezidenti Kamran Quliyevin Komanda.az saytına müsahibəsi:
“Mən klubun hər oyununa gedirəm”
– Kamran bəy, Şamaxıda ən son nə vaxt olmusuz?
– Sonuncu dəfə Şamaxıda məscidə getmişəm. “Qəbələ” klubu ilə oyuna gedirdik. Yeni bərpa edilmiş məsciddə namaz qıldım. Şamaxı çox qədim və səliqəli şəhərdir.
– “Keşlə” “Şamaxı”ya çevriləndən sonra ilk oyununu sizə qarşı keçirəcək. Oyunu izləməyə gedəcəksiz Şamaxıya?
– Təbii ki, gedəcəm. Mən klubun hər oyununa gedirəm. Dörd ildir “Neftçi”nin prezidentiyəm, ev və səfər oyunlarında sadəcə üç oyuna getməmişəm. Hər üçündə də xəstə idim. Keçən il iki oyuna getmədim çünki koronavirusa yoluxmuşdum. Bir dəfə səfər oyunu zamanı Qəbələdə olmamışam, həmin gün xəstəxanada idim. “Zirə”ylə oyunda da komandanın yanında ola bilməmişəm.
“Neftçi”də işləyib çempionluğu düşünməmək olar?”
– Yaxınlarda “Barselona”nın prezidenti Xuan Laportanın bir açıqlamasını gördüm. Deyirdi ki, “Barselona”nın bu mövsüm çempion ola biləcəyinə əmindir. Bunu lider “Real”dan 12 xal geri qalan klubun prezidenti deyir. Bəs lider “Qarabağ”dan 11 xal geri qalan “Neftçi”nin prezidenti bu mövsüm çempion ola biləcəklərinə inanır?
– Mən özüm “Barselona” azarkeşiyəm (gülür). Hazırda “Barselona” yenidənqurma, yeni nəfəs dönəmini yaşayır. “Real” isə öz axarı ilə gedir. Arada çox xal fərqi var. Təbii ki, biz də çempion ola bilərik. Lakin bizim çempion olmağımız üçün “Qarabağ” da gərək bir neçə oyunda “axsamalı” olsun. Yəni 3-4 xal fərq olduğu zaman çempionluq mümkündür. Bütün oyunlarda qalib gəlsək də, rəqibimiz gərək 4 oyunda məğlub olsun. Bu cür olsa, çempion ola bilərik.
– Amma hər halda, içinizdə inam var ki, qalib ola bilərsiz?
– Təbii ki, inamımız olmasa, biz “Neftçi”də yaşaya bilərik? “Neftçi”də işləyib çempionluğu düşünməmək olar? Burada işləyib çempionluğu düşünməyən şəxs ən axrıncı adam olar…
“Mən Samir Abasovu üç dəfə geri qaytarmışam”
– Keçmiş klubunuz “Sumqayıt”ın işləri heç də yaxşı getmir. Son turda “Sabah”a böyük hesabla uduzdular (0:3). “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə nə məsləhət görərdiz?
– Məncə, Riad Rəfiyevin mənim məsləhətimə ehtiyacı yoxdur. Ötən il komandası üçüncü yer tutub. Hazırda orada işləyən məşqçinin işinə qiymət verə bilmərəm. Lakin bir dəfə onun “Bate”ni idarə etdiyi dövrdə oyununa baxmışam. “Qarabağa” qarşı oynayırdılar. Həmin vaxt komandanın oyununu bəyənmişdim. İnanmaq istəyirəm ki, Riad Rəfiyev Aleksey Baqanı gətirməklə düzgün addım atdı. Sadəcə, zaman lazımdır. Hər gənc insana vaxt vermək lazımdır. Klub elə bir yerdir ki, orada həm klub rəhbərinə, həm işçilərinə, məşqçiyə, futbolçuya vaxt verməlisən. Təsəvvür edin, birdən-birə məşqçiyə deyirik ki, get, nəticə ver.
Ayxan Abbasov neçə il “Sumqayıt” klubunun “sükanı arxasında” olub, neçə ilə istədiyi nəticəyə gəlib çıxıb. “Sumqayıt” sonuncu yerlərdə gedirdi. Lakin Abbasov komandanı irəli çəkməyi bacardı. Nəinki Baqaya, bütün yeni məşqçilərə vaxt vermək lazımdır. Mən “Sumqayıt”da işləyən zaman Samir Abbasov gələndə əvəzedici komandaya gəlmişdi. İlk mövsümü tamamilə uğursuz oldu. O, öz istəyi ilə klubu tərk etmək istədi. Mən Samir Abasovu üç dəfə geri qaytarmışam. Amma artıq növbəti mövsümdə elə başladı ki, birinci yerdə gedirdi. Təxminən üç aya əsas komandaya gəldi. Yəni vaxt çox önəmlidir. Riad Rəfiyevə sadəcə səbr arzulayıram.
“Bu klubda qərar verən təkcə mən deyiləm”
– Samir Abasovdan söz düşmüşkən, “Neftçi” bu il avrokuboklarda uğursuz olsa, baş məşqçinizə yenə şans verəcəksiz?
– Bu klubda qərar verən təkcə mən deyiləm. “Neftçi” klubunda bir idarəetmə aparatı var. O aparatın başında mənəm, müavindir, şöbə müdirləridir və s. Biz işləyib təqdimat edirik, sonra Müşahidə Şurası qərar qəbul edir. Hazırda Samir Abasovla bağlı çox pozitivik. Mən inanıram ki, bizim ən çətin dövrümüz arxada qaldı. Yarım ildə hansı çətinliklər olub, Allah bilir. Amma komanda yavaş-yavaş əvvəlki vəziyyətinə qayıdır.
“Emin Mahmudovu heç kimə satmaram”
– Bir fürsətiniz olsaydı, “Qarabağ”ın hazırkı heyətindən hansı futbolçunu düşünmədən “Neftçi”yə götürərdiz?
– Mən Qara Qarayevi və ya Bədavi Hüseynovu “Neftçi”yə götürmək istəyərdim. Nəyə görə? Çünki Bədavi Hüseynov mənə çox yaxın insandır. Onun Azərbaycana gəlməsində mənim də rolum olub. Ona Azərbaycanda ilk istiqamət verənlərdən olmuşam. Bədavi də heç vaxt yaddan çıxarmır bunu.
Mən federasiyada işləyəndə, milli komandada bütün inzibati işlərə baxan zaman Qara Qarayev də hörmət qazanan insanlardan biri olub. Mütəmadi olaraq əlaqəmiz olmasa da, Qara mənə çox yaxın adamdır. Kiçik qardaşımdır. Lakin o, “Qarabağ”ın kapitanıdır. İkinci kapitan, birinci kapitan, heç bir fərqi yoxdur. O da böyük bir yük daşıyır çiynində.
– Bəs “Neftçi”də elə bir futbolçu varmı ki, təklif nə olur olsun, onu satmaq istəməzsiz?
– Emin Mahmudovu heç kimə satmaram. O qədər olub ki istəyənlər… Amma o, bizim kapitanımızdır.
Bir misal deyim. Biz “Qəbələ” ilə oyundan sonra paltardəyişmə otağına daxil olduq. Komandanı bayram münasibəti ilə təbrik etdik. Bizim marketinq şöbəmiz gözəl bir mənzərə yaratmışdı. Böyük bir bayraq asmışdılar. Orada mən hər kəsə müraciət etdim, xüsusilə də Emin Mahmudova. Çünki o bayrağın üzərində Emin Banişevski ilə yanaşı idi. Bu bilirsiz nə deməkdir? Banişevskinin şəkli ilə Eminin şəklinin yanaşı olması nəinki hər adama, cüzi sayda insana qismət ola bilər. Belə bir futbolçunu mən heç vaxt satmaram.
– Xaricdən təklif olubmu Emin üçün?
– Bəli, keçən yay xarici klubdan Emin üçün zəng gəldi bizə. Lakin razılaşmadıq. Çünki istənilən bir evi tikmək üçün sütunlar olmalıdır. Biz klubumuzun sütunlarından birini necə başqa kluba verə bilərik? Daxmaya nə var ki, uçub gedəcək…
“Onlarla yazışmaq, danışmaq vaxt tələb edir”
– Futbolçunuz Azər Əliyev hələ də PFL-in rəsmi saytında Rusiya vətəndaşı kimi göstərilir. Ona Azərbaycan pasportunun verilməsi üçün lazım olan addımları atmağa başlamısız?
– Hazırda bu məsələ ilə bağlı proses gedir və düşünülən qədər yüngül bir proses deyil. Müəyyən məsələlər var ki, daxildə özümüz danışırıq Azərlə. Sadəcə, bu çox şişirdilmiş bir məsələdir. Bilirsiz ki, futbol vətəndaşlığını almaq bir-iki günün işi deyil. Rusiyanın hazırda hansı şəraitdə olması da hər kəsə məlumdur. Onlarla yazışmaq, danışmaq vaxt tələb edir. Azərin milli komandada çıxış etmək arzusu var. Bunu əvvəlcədən bizə demişdi. Millidə oynamağa can atır və bu məsələ həll olunacaq. Sadəcə, texniki məsələlər qalıb.
“İstəyərəm ki, Messini gətirim “Neftçi”yə”
– Mamadu Kanenin yayda Yunanıstan “Olimpiakos”undan “Neftçi”yə qayıdacağı haqda xəbərlər var. Qayıdacaqmı?
– İnanırsız, dünən Kanenin agenti ilə danışmışam. “Neftçi” üçün çalışan, iz qoyub gedən futbolçuların agentləri ilə mütəmadi olaraq danışıram. Vəziyyətləri necədir deyə, soruşuram. Bizim üçün prioritet nədir, bilirsiz? Buradan gedən futbolçu daha üst çempionata, daha güclü kluba getsin və orada ən azı ya o səviyyədə qalıb davam etsin, ya da yuxarı səviyyəyə qalxsın. Soruşa bilərsiz ki, nəyə görə? Çünki Azərbaycan çempionatında aparıcı klublardan futbolçular üçün Avropaya yol açılsın, insanlar bilsin ki, bu futbolçu “Neftçi”də çıxış edirsə, daha üst klublarda çıxış etməyə layiqdir. Bu durumda “Neftçi” də öz işini düzgün qurub, doğru futbolçunu tapıb, onu inkşaf etdirir ki, satsın. Digər klublar da bundan faydalansın və Avropa klubları özləri üçün futbolçu bazarı axtaranda, dönüb Azərbaycana da baxsınlar. Onlar bilsin ki, Azərbaycanda futbolçu axtarmağa dəyər.
Kanenin qayıdacağına isə inanmıram. Dediyim kimi, agenti ilə də danışmışam. Bildiyim qədəriylə “Olimpiakos”un məşqçisi də Kaneyə etibar edir. Belə məsələ gündəmdə olsaydı, bizə ən azı zəng edərdilər ki, Kaneni yayda icarəyə vermək istəyirik. Bu barədə bizə müraciət olmayıb.
– Bəs Dmitri Nazarov? Əvvəllər onunla maraqlandığınız barədə vaxtaşırı mətbuatda xəbərlər çıxırdı. Nə vaxtsa Nazarovu transfer etmək istəmisiz? Və alınsa, onu “Neftçi”yə gətirmək istərsiz?
– Belə bir fikrimiz yoxdur. Mən “Sumqayıt”da işləyən zaman da Dmitri Nazarov Azərbaycan millisində idi. Ard-arda bəzi oyunlarda qol vururdu. Səhv etmirəmsə, Almaniyaya, Maltaya qol vurmuşdu. O vaxt hamı istəyirdi onu, mən də istəyirdim (gülür). Bir məsələni qeyd edim ki, klub prezidenti çox şey istəyə bilər. Amma klubda idman direktoru, baş məşqçi var. Mən də istəyərəm ki, Messini gətirim “Neftçi”yə (gülür).
“Biz də istəyirik ki, hakimlərin səhvi az olsun”
– Hakimlik haqda da soruşmaq istərdim. Razısızmı hakimlikdən?
– Təbii ki, bütün qərarlarla razı ola bilmərəm. Bu saat AFFA VAR sistemini tətbiq etməyə yaxındırsa, deməli, yeni sistem hakimlərin işinə kömək, dəstək olacaq. Hakimlərin işində pozitiv məsələlər də var. Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununu idarə edir. Mən Yunanıstan futbolunu çox yaxşı bilirəm. Orada bəzən normal vaxtlarda belə, oyunlar azarkeşsiz keçirilir. Çünki qarşıdurmalar var. Azarkeşləri çox çılğındır. Bunları nəzərə alaraq, Azərbaycandan hakim təyin olunursa, bu, hardasa yaxşı bir göstəricidir. Əliyar Ağayevlə yanaşı, bizim bəzi perspektivli hakimlərimiz var. Hakimlərdən narazı olduğumuz məqamlar olsa da, yaxşı məsələlər də var. Yeni hakimlərimiz var. Onlara da vaxt vermək lazımdır. Onlar səhv etdikcə, biz onları tənqid edəcəyik. Eyni zamanda, VAR sistemi tətbiq olunacaq. VAR sistemi hakimlərin işini bir az sığortalayacaq. Biz də istəyirik ki, hakimlərin səhvi az olsun. Səhvləri olsa belə, oyunun nəticəsinə birbaşa təsir etməsin. Oyundankənar vəziyyət, penaltı və sair kritik məsələlərdə VAR çox vacibdir. Mən gələcəyə nikbin baxıram. Görürəm ki, yaxşı hakimlərimiz var. Qorxmurlar, səhv qərar verirlər, amma yenə də, qərar verirlər.
“Onlara yox desəydim, ömürlük düşmən olacaqdılar mənə”
– “Neftçi” kubokda mübarizəni davam etdirir. Qazana biləcəksiz kuboku?
– İnşallah, niyə də qazanmayaq? Bizim önümüzdə iki amansız mübarizə olacaq. “Zirə” ilə oyunlarımız həmişə çox çətin keçir. Hər iki komanda üçün çətin olur. “Zirə” yaxşı formalaşmış bir komandadır. Yəni, sütunu, dayağı olan komandadır. Orada Rəşad Sadıqov var. Yaxşı klubdur, yaxşı mübarizə olacaq. İnanırıq ki, biz kuboku qazanacağıq.
– Ötən mövsümü hələ də xatırlayırsız?
– Nə danışırsız, o mövsümü unutmaq olar? Çox maraqlı keçdi. 2020-2021-ci il mövsümü ümumiyyətlə, çox fərqli idi. Biz futbol adamları normal insanlar kimi, yanvardan-dekabra yox, iyundan-iyula kimi yaşayırıq (gülür). 2020-2021-ci il mövsümü çox fərqli yadda qaldı. Əvvəlcə pandemiya gəldi düşdü ortaya. Mart ayından biz oynamırdıq. Sonradan bütün komandalar birlikdə təlim-məşq toplanışı keçdi. Biz həmin dövrdə “Qalatasaray”la da oynadıq. Ən təəssüfləndiyim məqam o idi ki, “Neftçi” ilə “Qalatasaray”ın oyununda qapılarımız bağlı idi. Heç kim oyuna baxa bilmədi. Mənə nə qədər zənglər gəlirdi oyuna baxmaq üçün… Elə insanlar var ki, onlara yox desəydim, ömürlük düşmən olacaqdılar mənə. Sonra müharibə başladı, qələbə qazandıq. Bu hadisələrdən sonra mən xəstəxanaya düşdüm. Biz artıq nə qədər xal itirmişdik. Gözləmədiyimiz yerdə xal itirməyə başladıq.
Mən qardaş Türkiyəni çox sevən bir insanam, türkçüyəm. Təsadüfi deyil ki, mənim ən xoşbəxt günüm məhz 19 maya təsadüf etdi. 2021-ci ilin 19 mayı ömrümün sonuna kimi yadımdan çıxmayacaq.
“Bu adamlar “Neftçi”nin uğurunu arzulayırlarsa, onlarla razı olmaya bilmərəm”
– “Neftçi” azarkeşlərindən razısız? Sanki bir az səbirsizdirlər.
– Azarkeşlərdən razı qalıb-qalmamaq olar? Bir misal çəkim. Mən uşaqlıqda bütün yayı babamın bağında olurdum. İndi də bağa gedib-gəlirəm. Babamdan qalan bir bağdır. Ora gedib-gələn adamlar var, pirşağılılar. Bağ evində olan bir ailənin balaca uşaqları var və “Forza”nın üzvləridirlər. Oyunlara gedib-gəlmirlər, amma deyirlər ki, “mən “Forza”nın üzvüyəm”. Mən onlarla arabir oturub danışıram. İnanırsız, onlarla danışan zaman mənə məsləhətlər verirlər. Hələ dişləri tam çıxmayıb ha (gülür). Deyirlər ki, sən bunu dəyişməlisən, klubda bunu etməlisən. Yəni sözüm odur ki, mən onlardan necə razı olub-olmaya bilərəm? Biz bazaya mütəmadi olaraq azarkeşləri dəvət edirik. 18 yaşından tutmuş 65 yaşına kimi azarkeşlər gəlir. Hamısının sadəcə bir istəyi var: “Neftçi” çempion olsun. Bu adamlar “Neftçi”nin uğurunu arzulayırlarsa, onlarla razı olmaya bilmərəm. Sadəcə, yollar bir az fərqlidir. Deyirlər ki, neynirsiz edin, komandamız çempion olsun. Onların tələbkarlığı olmasa, burada heç kim işləməz. Azarkeşlər öz istəklərində haqlıdırlar.
“Bu futbolçularla qat-qat yaxşı futbol oynamaq olar”
– Kamran bəy, sizcə, Azərbaycan millisi niyə bu gündədir? Maltaya, Latviyaya uduzuruq, FİFA reytinqində 129-cu yer...
– Mən millinin oyunlarına müstəqillik dövrünün ilk vaxtlarından gedib-gəlmişəm. Azərbaycan millisinin fanatıyam. Hazırda necə ki, hamı milliyə əsəbidir, narahatdır, narazılıqlar var, mən də narazıyam. Bunlar başadüşüləndir. Hamı istəyir ki, milli qalib gəlsin. Mən millinin uduzduğu, amma ortaya gözəl oyun qoyduğu dönəmləri də görmüşəm. Biz burada İtaliyaya 0:2 uduzmuşuq, amma əsl futbol oynamışıq. Biz Çexiyaya da 1:2 hesabı ilə uduzmuşuq, amma elə futbol oynayırdıq ki, baxırdın, məəttəl qalırdın. Şimali İrlandiyanı 2:0 hesabı ilə udmuşuq. Təsəvvür edirsiz, Premyer Liqa bizə qarşı oynayırdı. Premyer Liqa oyunçuları üçün naməlum adlar, futbolçular Şimali İrlandiyanı 2:0 udmadı?
Hazırda milli çox çətin durumdadır. İndiki nəsil, yəni futbolçularda ola bilər ki, xarizma, liderlik baxımından Rəşad Sadıqovda, Kamran Ağayevdə olan o xarizma yoxdur. Lakin keyfiyyət baxımından çox yaxşıdırlar.
O vaxt meydança yox idi oynamağa, şərait çox aşağı səviyyədə idi. Bir mövqeyə iki futbolçu tapmaq mümkün deyildi. O vaxt Rauf Əliyev millinin aparıcı hücumçusu idi. Ona nəsə olsaydı, inanın ki, hücumçu tapılmazdı. İndi isə futbolçu seçimi minimum iki dəfə çoxdur. İnanmaq istəyirəm ki, Azərbaycan millisi “qızıl orta”nı tapacaq. Çünki bu futbolçularla qat-qat yaxşı futbol oynamaq olar. Millidə Emin Mahmudov, Eddi İsrafilov, Azər Salahlı kimi futbolçularımız var. Mənim şübhəm yoxdur, “Neftçi” əlindən gələni edir ki, milli qalib gəlsin. “Neftçi”nin millidə olan futbolçuları da yaxşı oynamırsa, bu, “Neftçi”yə də bir zərbədir.
– Milli komandanın oyunlarından sonra klubun düşərgəsinə qayıdan futbolçularınızın əhval-ruhiyyəsini düzəltmək üçün onlarla söhbət etməli olursuz, yoxsa buna ehtiyac olmur?
– Onlara lazımi sözlər məşqçi tərəfindən, idman direktoru tərəfindən deyilir. Futbolçunun qəlbini qırmağa nə var ki? Futbolçuya dəstək olmaq lazımdır. Onların qəlbini qırmaq çox asandır. Tənqid edə bilərsən, amma futbolçuya həmişə dəstək olmalısan.
“Bu xalq, vətən qarşısında borcumuz var”
– Bizdə Klublar Komitəsi var idi. Deyəsən, ləğv olunub. Amma klubların dərdini deməyə bir yeri olmalı deyilmi?
– Bizim qarşımızda vaxtında klublar, rəhbərlik tərəfindən həll edilən məsələlər idi. Bizi maraqlandıran məsələlər var idi. Hansı ki, bir-birimizlə dil tapmaqda çətinlik çəkirdik. AFFA-nın təşəbbüsü ilə bu problemlərin həll olunması üçün bir qurum yarandı. İndi yığışmırıqsa, bu, komitənin ölmüş vəziyyətdə olmasından irəli gələn bir məsələ deyil. Sadəcə, ciddi bir məsələ yoxdur. Yəni, yığışmağa səbəb olacaq bir məsələ yoxdur. Sonuncu dəfə Bakı Olimpiya Stadionuna yığışdıq. Pandemiya dövrü idi. İndi də önümüzdəki mövsümlə və ya başqa ciddi məsələ ilə bağlı problem olsa, bu, bir neçə klubu narahat etsə, məsələ həll olunmasa, biz iclas edərik ki, həll edək. Bizi narahat edən legionerlərin limit məsələləri idi, yoluna qoyduq. Problemlər yığılıb həll edilməyən zaman toplaşırıq.
– Amma klublar arasında limitlə bağlı hələ də fikir ayrılığı var.
– Burada iki məsələ var: legioner limiti və 21 yaş altı. Bəzi insanlar deyir ki, limit problemdir, bəziləri də deyir ki, 21 yaş altı problem deyil. Mən hesab edirəm ki, bu limit yaşaya bilər. Mənim üçün çox rahat olardı ki, istədiyim hər futbolçunu kluba götürüm. Lakin bu xalq, vətən qarşısında borcumuz var, özü də bu cür çətin vəziyyətdə. Hazırda Premyer Liqada 8 klub var, inşallah, 10 olacaq. Dövlət vəsait xərcləyirsə, bu vəsait legionerlərə xərclənəcəksə, nə faydası var? Yox, faydası ola bilər. Ancaq bu nə dərəcədə haqlıdır? Öz vətəndaşlarımız qazansın, yoxsa hamısı xaricilərə getsin? Haqqı olanın haqqını vermək lazımdır. Mən də istəyərdim ki, Azərbaycanda 16 komanda olsun, futbolçuların hərəsini bir yerə verərdik. Oynayıb, yetişib qayıtsınlar, “Neftçi”də “qan eləsinlər”. Lakin yoxdur.
“Yayda ən azı 3-4 transferimiz olacaq”
– Qış fasiləsində az, amma sanballı transferləriniz oldu. Avrokuboklara vəsiqə qazansaz, uğurlu çıxış etmək üçün indiki heyət yetərlidir, yoxsa yeni futbolçulara ehtiyac var?
– Xeyr, yetərli deyil. Demirəm ki, biz transfer məsələsində yayda çox aktiv olacağıq. Ancaq artıq idman direktoru, baş məşqçi tərəfindən mənə məlumat verilib. Mənə xəbər verirlər ki, biz bu məsələləri həll etməliyik. Mən də o şəraiti yaratmağa çalışıram. “Axsayan” yerlər hansılardırsa, onları düzəltməyə çalışacağıq.
– Komandadan gedəcək futbolçuların adları məlumdur?
– Qarşıya qoyulan məqsədlər var. Dünyada faydalı iş əmsalı deyilən bir şey var. O əmsal insana qiymət vermək sistemidir. Buna uyğun olaraq, baş məşqçi və idman direktorumuz hesabat hazırlayır. Kimin müqaviləsi bitirsə, bu, başqa məsələ. Lakin kimlə müqaviləmiz davam edirsə, həmin futbolçunu yola salmaq üçün klubun müəyyən xərcləri olur. Onun getməsi üçün dəlillər kifayət qədər güclüdürsə, onun əvəzinə gələcək futbolçu daha yaxşıdırsa, təbii ki, biz uyğun qərar veririk. Bizim müqaviləsi bitən futbolçularımız var. Bu səbəbdən, əminəm ki, yeni futbolçular gələcək. Yayda ən azı 3-4 transferimiz olacaq.
Rəşad Ergün, Mehri Qurban
Bizi Facebook-da izləyin