Şir, pələng – Maksim Medvedev
Rəşad Ergün
Maksim Medvedev Azərbaycan milli komandasının Avropada qapazaltı olmasının sirrini tapıb. Günahkar mətbuat və azarkeşlər imiş.
Tamamilə doğru təsbitdir. Şəxsən mən bundan sonra yüz il də yaşasam, bu sirri çözə bilməzdim. Və zatən jurnalist karyeramın böyük bir hissəsi “ayə, bunlar niyə oynamıllar” sualına cavab axtarmaqla keçib.
Eşq olsun Maksim Medvedevə! Ar olsun Azərbaycan millisinin futbolçularını təzyiq altında saxlayan mətbuata və azarkeşlərə!
Medvedevin dediyi kimi, biz futbolçularımıza təzyiq yox, sevgi göstərməliyik. Onları tərifləməliyik, ruhlandırmalıyıq, əzizləməliyik, sığallamalıyıq.
Məsələn, milli komanda hər dəfə oyuna çıxmazdan əvvəl Maksim Medvedevə xatırlatmalıyıq ki, onun bir başı var, eynən Kriştiano Ronaldo, Lionel Messidə olduğu kimi.
Hər oyundan əvvəl Medvedevin yadına salmalıyıq ki, onun iki ayağı, iki də əli var, eynilə Kilian Mbappedə, Erlinq Halandda olduğu kimi.
Mətbuat milli komandanın hər oyunundan əvvəl yoldaş Medvedevin yadına onun ayda 8-10 min manat qazandığını salmalıdır. Futbolçu daha çox qızışsın, daha çox motivasiya olsun deyə, Azərbaycanda əksər insanların 8-10 min manatı hətta yuxularında da görmədiyini, bu pulun ən yaxşı halda onların illik gəlirləri olduğunu da xatırlatmalıdır.
Mətbuat Maksimin yadına salmalıdır ki, o, bahalı, brend markalı geyimlər geyinir. Onun bahalı avtomobili var və istəsə, daha bir neçəsini ala bilər. Medvedevi milli komandanın qarşıdakı oyununa yaxşı kökləmək naminə müqayisə üçün Avropa klublarında çıxış edən bəzi futbolçuların geyimlərini, avtomobillərini də nümunə göstərmək olar. Maksim yoldaşı inandırmaq lazımdır ki, o, yaşayış səviyyəsinə görə əksər avropalı oyunçulardan geri qalmır, hətta bəlkə, bir çoxunu üstələyir də.
Azarkeşlər milli komandanın oyunundan əvvəl sosial şəbəkədə daha çox şir, pələng, canavar şəkilləri paylaşmalıdır. Ki, futbolçular özlərini şir, pələng kimi hiss etsinlər, həyəcanlanmasınlar, meydana çıxanda rəqiblərini parçalamağa hazır olsunlar.
Gəlin, Maksim Medvedevin bizə yol göstərdiyi kimi edək. Edək və oturub Azərbaycan millisinin dünya, Avropa çempionu olacağı “mament”i (Medvedev demişkən) gözləyək.
Bizi Facebook-da izləyin