Nazir Avropa çempionatından qayıdan boksçularla görüşdü
Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş milli komanda ilə görüşüb.
Komanda.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Avropa çempionu Nicat Hüseynov (51 kq), qitə birinciliyinin ikincisi Ruslan Qədirov (54 kq), bürünc mükafatçılar Cəlal Qurbanovla (63,5 kq) Nəbi İsgəndərovu (67 kq) uğurları münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.
Sahil Babayev bildirib ki, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq 10 ildən sonra Azərbaycan rekordunu təkrarlamaq uğurlu nəticədir. Onun sözlərinə görə, Avropa çempionatında təmsil olunduğumuz 7 çəki dərəcəsində 4 medal qazanmaq yüksək nəticədir.
Federasiya prezidenti vurğulayıb ki, yığmamız U-22-lərin yarışında standart müəyyənləşdirib. Növbəti yarışlarda da komanda üzvlərinin ən azı yarısının medalla Vətənə dönməsi üçün gözəl ənənənin təməli qoyulub.
Nazir görüləcək bütün tədbirlərin ana xəttində ilkin olaraq məhz 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları dayandığını bildirib. O, Olimpiadada da boksçularımızın qızıl medal qazanmaqla idman tariximizdə yeni səhifə açacağına inam ifadə edib. Nazir həmçinin Poreçdə çıxış etmiş idmançıların fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə maraqlanıb.
İdarə Heyətinin üzvü, Xorvatiyadakı Avropa çempionatına rəhbərlik edən Rövşən Hüseynov boksa göstərilən dövlət qayğısı sayəsində gələcəyin komandası formalaşdığını və bu boksçuların bir neçə il ölkəmizi beynəlxalq arenada layiqli təmsil edəcəklərini bildirib. Yığmanın böyük məşqçisi Nəriman Abdullayev isə daha uğurlu çıxış üçün məşqlərdə intensivliyi artırıb, səhvləri aradan qaldırmağa çalışacaqlarını deyib.
Avropa çempionu Nicat Hüseynov bu titulla kifayətlənməyəcəyini və növbəti yarışlarda da məqsədi ancaq Azərbaycan himnini səsləndirmək olacağını söyləyib. Digər mükafatçılar və boksçular da əsas hədəflərinin Avropa, dünya çempionatları və Olimpiadada inamlı çıxış olduğunu qeyd ediblər.
Ardınca İdarə Heyətinin üzvləri və baş katib komandamızın Avropa çempionatındakı çıxışını uğurlu hesab ediblər. Federasiya prezidenti onlara növbəti təlim-məşq toplanışları və yarışlara hazırlıqla bağlı tapşırıqlarını verib.
Bizi Facebook-da izləyin