“Sabah”ın birinci azarkeşi mən olacam – Müsahibə

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin Komanda.az saytına müsahibəsi:

– Milli komandaya baş məşqçi axtarışları hansı mərhələdədir?
– Müzakirələr davam edir, danışıqlar aparılır. Hələ ki, dəqiq bir şey yoxdur. AFFA da baş məşqçi məsələsinə diqqətlə yanaşır. Bir çox kriteriyalar var, həmin kriteriyalara uyğun namizəd axtarılır. Bilirsiz ki, milli komandaya baş məşqçi seçimi çətin və olduqca məsuliyyətlidir.

– AFFA-nın razılığa yaxın olduğu bir mütəxəssis var?
– Danışıqlar apardığımız, yaxud razılığa yaxın olduğumuz konkret bir ad yoxdur. Bu məsələylə federasiya birbaşa məşğul olur. İlk növbədə AFFA müəyyənləşdirir, sonra bizə təqdim olunur.

– Bizdə olan məlumata görə, İqor Tudorla razılıq əldə olunsa da, sonradan kimsə onun təyinatına qarşı çıxıb…
– Tam səmimi deyirəm ki, o mütəxəssis haqqında bizdə heç bir məlumat yoxdur.

– Belə görünür ki, AFFA məşqçi tapmaqda çətinlik çəkir. Bu durumda, federasiyanın Qurban Qurbanovu göndərməklə səhv etdiyini düşünmürsüz ki?
– Bu qərarları mən vermirəm. Qərar verildikdən, icra olunduqdan sonra edəcək bir şey yoxdur.

– Bir neçə gün əvvəl Milan Obradoviç U-21 millisinə baş məşqçi təyin olundu. Serb mütəxəssisdən gözləntilər nələrdir? 
– Obradoviçin gələn kimi hər şeyi dəyişəcəyini demək düzgün olmaz. Hər halda, müəyyən xüsusiyyətlərinə görə bu posta təyin olundu. Qohum deyil, əqraba deyil ki, heç nədən gətirək (gülür).

– Oğlunuz Coşqun Diniyev “Sabah”a transfer olundu. Artıq hər iki oğlunuz – həm Kərim, həm də Coşqun bu klubun şərəfini qoruyacaq. Bundan sonra sizin də “Sabah”a azarkeşlik edəcəyinizi gözləmək olar?
– Mütləq. Hətta “Sabah”ın birinci azarkeşi mən olacam (gülür).

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button