“Qarabağ” işi bitirib” – SORĞU
Azərbaycan Premyer Liqasında 15 tur geridə qalıb. 15 turdan sonra “Qarabağ” 36 xalla lider, “Qəbələ” 26 xalla ikincidir. Yəni bu o deməkdir ki, mövsümün ortasında “köhlən atlar” ən yaxın izləyicisini 10 xal qabaqlayır. Bəs bu o deməkdir ki, “Qarabağ”ı indidən çempionluq münasibəti ilə təbrik etmək olar?
Premyer Liqadakı vəziyyətlə bağlı idman yazarlarının fikirlərini öyrəndik. Onlara iki sual ünvanladıq:
- Premyer Liqada 15 turdan sonra “Qarabağ” ən yaxın izləyicisi “Qəbələ”ni 10 xal qabaqlayır. İndidən Premyer Liqada çempionluq mübarizəsinin bitdiyini demək olar?
- “Qarabağ”a çempionluq yolunda ən böyük maneə kimi hansı komandanı görürsüz?
Araz Əhmədov (“Sportfm.az“)
“Düşünürəm ki, “Qarabağ” hazırda Premyer Liqada mübarizə aparan digər 7 klubdan bir baş üstündür. Futbol elitamızda intriqa davam edir kimi görünsə də, fikrimcə, Ağdam klubu işi bitirib.
Hazırda Murad Musayevin təyinatından sonra gözəl futbol nümayiş etdirən “Sabah” Qurban Qurbanovun komandasına xal itkiləri yaşada biləcək kimi görünür. Amma çempionluq yolunda bu maneələr yetərsizdir”.
Kənan Məstəliyev (“Rekord.az”)
“Bəli, çempionluq mübarizəsi bitib. Mən təsəvvür edə bilmirəm ki, hansı fors-major hadisə “Qarabağ”a qızıl medal qazanmağa mane ola bilər.
“Qarabağ”a tək rəqib özləridir. Özləri işi korlamasalar, heç kim çempionluğu onların əlindən ala bilməz.”
Ceyhun Əliyev (“Sport24.az”)
“Baxmayaraq ki, ağdamlıların ən yaxın izləyicisi “Qəbələ”dir, “qırmızı-qaralar”ın mövsüm başlamamışdan əvvəl belə, çempionluq şansı yox idi. Elə hazırda 3-cü pillədə gedən “Zirə” də həmçinin. Qış fasiləsindən sonra “Zirə” “Qarabağ”ın futbolçusunu icarəyə götürürsə, bu, özlüyündə birincilərin ambisiyalarından xəbər verir. Yəni “qartallar”ın qızıl iddiası yoxdur. Hər halda, mövsümün qalan hissəsində Qurban Qurbanov Rahil Məmmədovun xidmətində maraqlı olmayıb ki, onun icarəyə verilməsinə razılaşıb. “Neftçi” də ki, hələ heyət qurmaqla məşğuldur. Hazırki duruma görə, “ağ-qaralar”ın gümüş şansı belə, şübhəli görünür. Təəssüf ki, “Sabah” gec ayıldı. Murad Musayev mövsümün əvvəlindən olsaydı, indi biz “Qarabağ”a ən azından “əlcək atan” rəqib görərdik. Göründüyü kimi, çempionluq mübarizəsi bitib və qızıl medal mövzusu formal xarakter daşıyır. Doğrudur, nəzəri cəhətdən qarşıda hələ 39 xallıq marafon var. Ancaq “görünən kəndə nə bələdçi?”
İkinci sualın cavabı yoxdur. Çünki Qurban Qurbanovun zəngin təcrübəsi heç “Qarabağ”ın maneəsi ancaq özü ola bilər” deməyə də imkan vermir. Gəlin, avrokuboklara vəsiqə uğrunda mübarizədən zövq alaq, çempionat isə bitib, sadəcə, finiş rəsmiləşməyib”.
Mirağa Mirzəyev (“Fanat.az”)
“Təbii ki, nəzəri cəhətdən çempionluğun taleyinin müəyyənləşdiyini demək üçün tezdir. İndiki məqamda nəinki digər iddialıların, hətta sonuncu yerdə olan “Səbail”in də qızıl medal şansı var. Amma real və praktiki yanaşsaq, 10 xal çempionun böyük ölçüdə müəyyənləşdiyini deməyə tam əsas verir. Nəzərə alsaq ki, çempionluğa əsas favorit göstərilən “Neftçi” ilə xal fərqi daha böyükdür, intriqanın qalmadığını demək olar. Son çempion olan bakılıların titulunu qoruması üçün Ağdam təmsilçisinin 5 oyunda uduzması lazımdır. Ancaq 15 turda cəmi bir yenilgisi olan “Qarabağ”ın qalan 13 oyundan 5-ni məğlub başa vurması üçün möcüzəsayağı nəsə baş verməlidir.
Qurban Qurbanovun komandasının ən yaxın izləyicisi “Qəbələ” olsa da, yəqin ki, bölgə klubunun özündə belə, çempion olacaqlarını gözləmirlər. “Qəbələ” mövcud imkanlarla avrokuboklara, konkret, Konfrans Liqasına vəsiqənin xəyalını qura bilər. Düzdür, komanda potensialından artığını ortaya qoyur, istər büdcə, istərsə heyət baxımından qat-qat geri qaldığı komandaları qabaqlayaraq 2-ci pillədə qərarlaşıb. Amma “qırmızı-qaralar” mövsümün ikinci yarısına uğursuz başlayıb. “Sabah”a böyükhesablı məğlubiyyətin şokundan ayılıb ardından kubokda mərhələ adlasalar, çempionluq mübarizəsini azı martın 3-nə qədər davam etdirəcəklər. Gələn ayın əvvəlində isə “Qəbələ”nin “Qarabağ”la oyunu intriqanın son iki ay üçün müqəddəratına tam aydınlıq gətirəcək. Xal fərqinin böyük olmasına baxmayaraq, “Qarabağ”ın çempionluq yolunda əsas rəqibi yenə “Neftçi” sayıla bilər. Ancaq bu o demək deyil ki, ağdamlılar məğlubedilməzdir. “Sabah”, “Zirə”, hətta “Qəbələ” özü belə, lideri büdrədə bilər və bu, sürpriz sayılmayacaq. “Qarabağ” qarşıdakı 17-18 gün ərzində Premyer Liqa, kubok və Konfrans Liqasında ümumilikdə beş oyuna çıxacaq. Təbii ki, sıx qrafik komandanın xal itirməsinə yol aça bilər. Əsas izləyiciləri məhz bu aradan istifadə edib xal fərqini mümkün qədər azaltmalıdır.”
Dinarə Ağayeva
Bizi Facebook-da izləyin