“Zaman-zaman onun sözlərini yada salıram” – Mahir Emreli
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli onu Azərbaycan millisinə ilk dəfə dəvət etmiş Robert Prosineçki barədə açıqlama verib.
Komanda.az xəbər verir ki, Mahir, “Sportske novosti”yə açıqlamasında bunları deyib:
“Azərbaycanda hamı Robert Prosineçki üçün darıxır. Əvvəlcə Prosineçki məni San Marino ilə səfər oyununa apardı. Daha sonra Qətərlə yoldaşlıq görüşündə iştirak etdim. Ardınca Norveçlə ilk rəsmi matçıma çıxdım. Həmin oyundan əvvəl onun mənə dediyi sözləri heç vaxt unutmayacam. 19 yaşım var idi və çox həyəcanlı idim. Bunu hiss edən Prosineçki nahardan sonra məni kənara çağırdı. O, “səbrli ol, sərbəst oyna” dedi və əlavə etdi ki, dünyada futbolçu olmaqdan yaxşı heç nə yoxdur. Çünki futbol başqa peşələrə bənzəmir. Yəni mən bu anlardan zövq alıram, gəncəm və qorxu barədə fikirləşmirəm. Bu sözləri indiyədək xatırlayır və özünəməxsus motivasiya kimi istifadə edirəm”.
Emreli, xorvatiyalı baş məşqçi ilə uzun müddətdir ünsiyyətdə olmadığını deyib:
“Amma zaman-zaman onun sözlərini yada salıram. Biz böyük yarışlarda heç vaxt favorit olmasaq da, onun rəhbərliyi altında çox yaxşı çıxış etmiş və ciddi inkişafa nail olmuşuq”.
Mahir, yığmanın digər xorvatiyalı sabiq baş məşqçisi Nikola Yurçeviç haqqında da danışıb:
“Yurçeviç əla insan və məşqçidir. Təəssüf ki, o da yığmada uzun müddət baş məşqçi olmadı, cəmi bir il çalışdı. Onun dönəmində Bakıda Macarıstana qol vurdum, Xorvatiyaya qarşı yaxşı çıxış etdik. Yurçeviç oyunçuları əla başa düşür, onlara daim dəstək olurdu. Onunla qonşu idik, özünə və ailəsinə hörmətlə yanaşıram”.
Prosineçki Azərbaycan millisində 2014-2017-ci illərdə, Yurçeviç isə 2019-cu ildə çalışıb.
Bizi Facebook-da izləyin