Xarici bukmeker kontorlarının tələsinə düşməyin!

Keçən il dekabrın 27-də Azərbaycan parlamenti “Telekommunikasiya haqqında” Qanuna düzəlişi qəbul edib. Düzəliş virtual məkanda lotereya və idman mərc saytlarına girişi qadağan edir. Qanuna edilən düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə azart oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Bura azart oyunların təşkili və ya bilet satışı, azart oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir.

Qısası, ölkə ərazisində xarici bumkeyker saytlarında mərc etmək, onların təbliği və s. qadağandır, qanunla cəriməsi var. Artıq bir müddətdir, banklar da qanuna müvafiq olaraq həmin saytlara pul köçürülməsini dayandırıb.

Düzdür, bu, bəzi mərc həvəskarlarının ürəyincə deyil, ancaq qeyd etmək lazımdır ki, tamamilə yerində verilmiş, lazımlı qərardır. Dövlət öz maraqlarına, qanunlarının tələblərinə müvafiq davranır və vətəndaşlarının mənafeyini müdafiə edir.

Əvvəla, sözügedən saytlar heç bir vergi ödəmədən fəaliyyət göstərir. Bu, dövlətə ziyandır, ölkə ərazidindən böyük məbləğlərin çıxarılması ilə nəticələnir. Hər hansı ofisi, nümayəndəliyi, rəsmi nümayəndəsi olmayan həmin saytlar bu yollarla cərimə olunmaqdan da yaxa qurtara bilirlər. Ümumən, bunlar ofşor zonalarda saxta, əslində ofisi, işçisi, avadanlığı olmayan, amma kağız üzərində mövcud olan şirkətlər yaradır və böyük təbliğat mexanizmi, reklamlarla digər ölkələrin bazarına daxil olub qanunsuz fəaliyyət göstərir, insanların pulunu talayırlar. Həmin saytlarla birbaşa əlaqəyə girmək üçün telefon, imeyl və s. imkanlar ya məhduddu, ya da ümumiyyətlə mövcud deyil. Əlaqə mümkün olduqda isə heç zaman problemin həllinə nail olmaq baş tutmur.

Belə saytların fəaliyyət mexanizmi çox sadədir. Vergidən yayınma, rəsmi nümayəndəlik açma məcburiyyətlərinin olmaması kimi məqamlar onlara rahatlıqla imkan verir ki, qanuni mərc saytları ilə müqayisədə daha yüksək, cəlbedici əmsallar təklif etsinlər. Bundan sonra isə müxtəlif sosial şəbəkə kanalları vasitəsilə reklam fəaliyyəti başlayır. Daha yuxarı əmsallar, aldadıcı və əslində heç vaxt oynayana fayda verməyən bonus təklifləri, mərc çeşidliliyi (bura ölkədə ötən əsrin sonlarından qadağan edilən kazino oyunları da daxildir) azart həvəskarlarının asanlıqla belə saytlara meyil etməsinə səbəb olur.

Xarici mərc saytlarında oynamağın nəticələri isə adətən xoş olmur. Bu saytların qanunsuz hərəkətlərinə görə çox sayda vətəndaş xeyli pul uduzub. Çünki buralardan olan uduşlar müxtəlif bəhanələrlə sahibinə verilmir. Ya hesablar blok edilir, ya hansısa məlum olmayan təhlükəsizlik səbəblərinə görə məbləğin hesaba köçürülməyəcəyi bildirilir və s. Hətta zaman-zaman insanların böyük məbləğ yatırdığı həmin saytların “bir gecənin içində” yoxa çıxdığı, bağlandığı kimi nümunələr də mövcuddur. Ən pisi isə bu halda hansısa qanuni yola baş vurmaq mümkünsüzdür. Çünki prosesin özü bütünlüklə qanunsuzdur, qeyri-qanuni fəaliyyət göstərən həmin saytların məsuliyyətə cəlb edilməsi isə faktiki mümkünsüzdür.

Beləliklə, lisenziyaya gərək duymayan, dövlət büdcəsinə vergi ödəmədən çalışan bukmeker kontorları qeyri-leqal mərc oyunları təşkil etməklə külli miqdarda pul qazanırlar. Onların bu əməllərindən əziyyət çəkən sadə vətəndaşlar olur. Hətta bu halda intihara cəhd nümunələri də mövcuddur…

Mərc oyunları ümumən ölkədə qadağan deyil. Bunun üçün dövlət tərəfindən uduşların təminat altına alındığı saytlar mövcuddur. Mərc həvəskarları da onlara müraciət etməlidilər. Çünki bu saytlarda hər addım qanunla tənzimlənir. Kiminsə uduşunun müasadirə edilməsi mümkünsüzdür. Üstəlik 7/24 qarşılıqlı əlaqə mümkündür.

Aldadıcı xarici saytların tələsinə düşməyin. Ki, “bəxt çarxınız” tərsinə dönməsin…

Faiq Tahirov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button