Mahiri “Dinamo”da gözləyənlər – Yazı+Fotolar

Azərbaycanlı hücumçu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə 4,5 illik müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, Xorvatiyanın ən titullu klubu olan “Dinamo”da Mahiri güclü rəqabət gözləyir.

“Dinamo”nun heyətinin “transfermarkt” portalında dəyəri 101,85 milyon avrodur. Komanda ev oyunlarını “Maksimir” stadionunda keçirir. Zaqrebdə yerləşən arenanın tutumu 37168 nəfərdir.

“Maksimir” stadionu

“Dinamo”nu xorvatiyalı mütəxəssis Jelko Kopiç çalışdırır. 44 yaşlı mütəxəssis ötən ilin dekabrında komandaya baş məşqçi təyin olunub. “Dinamo” Kopiçin rəhbərliyi ilə 6 oyuna çıxıb və 5 qələbə qazanıb. Bir matçda isə komanda məğlub olub.

“Dinamo”nun heyətində 30 oyunçu var. Bunlardan 12-si legionerdir. Zaqreb təmsilçisinin ən dəyərli futbolçusu Luka İvanuseçdir. 23 yaşlı yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 13,5 milyon avrodur. Yarımmüdafiəçi Xorvatiya millisinin də üzvüdür.

“Dinamo”nun hücum xəttində 10 oyunçu var. Komandanın bombardiri 6 qolla Mislav Orşiçdir. Qış transfer pəncərəsi dövründə adı İngiltərə klubları ilə hallanan Orşiç baş məşqçi Kopiçin əsas “qol silahı”dır.

“Dinamo”nun bu mövsümkü bombardirləri:

Mislav Orşiç – 6 qol
Bruno Petkoviç – 5 qol
Komnen Andriç – 5 qol
Luka İvanuseç – 3 qol
Lovro Mayer – 3 qol

Mislav Orşiç

“Dinamo” bu mövsüm Xorvatiya çempionatında 10 komanda arasında 43 xalla liderdir. Komanda ən yaxın izləyicisi “Osiyek”i 3 xal qabaqlayır. “Dinamo” geridə qalan 20 turda 43 qol vurub, 15 qol buraxıb.

Zaqreb təmsilçisi çempionatla yanaşı, Avropa Liqasında da mübarizəsini davam etdirir. “Dinamo” turnirin yarımfinal mərhələsində İspaniyanın “Sevilya” komandası ilə qarşılaşacaq. Mahir Emreli bu matçlar üçün UEFA-ya sifariş edilib.

“Legiya”da azarkeşlərin hücumundan sonra xəsarət alan və bu səbəbdən Polşa klubunu tərk edən Mahiri Xorvatiyada da çılğın fanatlar gözləyir. “Dinamo”nun xüsusilə seçilən azarkeş qruplarından biri “Bad Blue Boys”dur (BBB). BBB 1986-cı ildə əsası qoyulan azarkeş qrupudur. Onların maskotu “bulldog”dur və matçlarda “Dinamo” ja volim” (“Dinamo”nu sevirəm) himnini səsləndirirlər.

Mahir “Dinamo”da özünü göstərmək üçün mütləq şans qazanacaq. O, mövqeyində ondan daha təcrübəli oyunçular olmasına baxmayaraq, şansını gözləməli və əlinə düşən imkandan maksimum yararlanmalıdır. “Dinamo” eyni zamanda, futbol məktəbidir. Belə ki, hazırda Avropanın nəhəng klublarında çıxış edən xorvatiyalı Mateo Kovaçiç (“Çelsi”), Luka Modriç (“Real”), Deyan Lovren (“Zenit”), Mario Mancukiç, Marko Pyatsa (“Yuventus”) kimi futbolçuların yolu “Dinamo”dan keçib.

Luka Modriç
Jelko Kopiç

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button