“Bu məğlubiyyətlərdən dərs çıxarmalıyıq” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Bu gün böyük bayram idi. Şəhidlərimizə Allah rəhmət etsin. Onların, ordumuzun sayəsində qələbə əldə etmişik. Burda iştirak edən qazilərimizə təşəkkür edirəm. Rəqibi təbrik edirəm. Həm qələbə, həm də avrokuboklarda qrupdan çıxan ilk komanda olduğu üçün. Azarkeşlər möhtəşəm atmosfer yaratdılar. Böyük itkilərimiz var idi. Elə mövqelərdə itkilərimiz var idi ki, nəsə etməliydik. Ötən il də belə situasiya yaranmışdı. Böyük heyətimiz yoxdur. Yenə də təslim olmayacağıq. Bu məğlubiyyətlərdən dərs çıxarmalıyıq. Bəzi oyunçular üçün belə oyunlar böyük təkan olacaq. “Qarabağ” həqiqətən güclü idi. Qarşıda bizi vacib oyunlar gözləyir. Qələbələr qazanmalıyıq ki, rəqiblərdən çox geri qalmayaq.
  • Bu gün meydanda daha bir yeni futbolçu – Emin Əliyevi gördük. Bu, məcburiyyətdən atılmış addım idi?
  • Çempionata başlayanda 5 müdafiəçimiz var idi. Elvin Bədəlov demək olar ki, mövsümü bitirdi. Höccət Haqverdi cəzalı idi, Eltun Turabov da məşqdə zədələndi. Əvəzedici heyətdə son matçlarda yaxşı çıxış edən futbolçulara baxdıq, Emini seçdik. Düzdür, “Qarabağ” kimi komandaya qarşı debüt etmək çətindir. Hər zaman demişəm ki, futbolçular hazırlıqlı olsun. Yarımmüdafiə xəttində də problemlərimiz var. Çətinliklər var, əlimizdə olan gənclərdir və onlara şans verəcəyik. Bizim böyük komandalar kimi olmağımız tezdir. Ötən il də çətin vaxtlarımız olub.
  • Ötən il 3 dəfə “Qarabağ”a burada uduzmamışdız. Bu məğlubiyyət nəyi göstərir? “Qarabağ” daha güclənirmi?
  • “Qarabağ” güclənib. Həm yaxşı ehtiyatı var, həm də yaxşı formadadır. Ötən il iki cəbhədə oynamaq onlar üçün çətin idi. “Qarabağ” ötən ilə nisbətən daha yaxşıdır. Amma bu o demək deyil ki, hər oyunu udacaqlar. Bu mövsüm “Neftçi” ilə çempionluq mübarizəsi aparacaqlar.
  • “Sumqayıt”dan bu dəfə milliyə 3 oyunçu çağırıldı…
  • Rəhim Sadıxov daha əvvəl milliyə çağırılsa da, ondan istifadə olunmur. Görünür ki, məşqçi onu bəyənmir. Çağırılan futbolçular millidə canla-başla oynamalıdır. Fikirlər fərqli ola bilər. Qərarı verən baş məşqçidir.
  • Murad Xaçayevin cəzası deyəsən, olduğu kimi qalıb…
  • Hakimlikdən danışmayaq. Özləri nəticə çıxararlar. Məşqçiləri də başa düşmək lazımdır. Xal itirmək çətindir. Muradın 5 oyunluq cəzasına etiraz etmişdik, düşünürdüm ki, endirim olacaq. Amma olmadı. Muradın epizodunda aqressiya yox idi. Olsa idi, birinci bunu mən deyərdim. Murad hakimə sadəcə topun rəqibin əlinə dəydiyini deyib, amma fərqli qərar oldu. Murad son zamanlar yaxşı formada idi, indi onu 5 oyunluq itirmək çətindir. Bizdə həmin mövqedə də problemlər var.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button