Sənan Qurbanov: “İnanılmaz xarakter göstərdik”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Xalqımızı Zəfər günü münasibətilə təbrik edirik. Şəhidlərimizin sayəsində başıuca gəzirik. Oyuna gəlincə, inanılmaz xarakter göstərdik. Həftə ərzində necə oynayacağımızı müzakirə etdik. Hesabda geri düşsək də, toparlandıq. Belə qələbələr şirin olur. “Neftçi” kimi komanda ilə oyunda geri dönüş etmək asan deyil. Ən böyük uğur sahibi oyunçulardır.

Əsas istəyim komanda şəklində oynamaqdır. Bu gün bunu etməyə çalışdıq. Öndə pressinq edəndə arxada boşluqlar ola biləcəyini bilirdik. Səhvlər var, gələcəkdə onları təkrar etməməyə çalışacağıq.

İlk epizod mənə görə penalti idi. Amma Rauf Cabbarov israr etdi ki, qayda pozulmayıb. VAR sistemi olsaydı, yüz faiz penalti təyin olunacaqdı.

Anatol Abanq özünü yaxşı tərəfdən göstərməyə başlayıb. İlin sonunda müqaviləsi bitir. Komandada saxlamaq istəyirik. Yaşam tərzi 180 dərəcə dəyişib.

Bu cür geridönüş baş məşqçini sevindirməyə bilməz. Futbolçular məşqlərdə dəridən-qabıqdan çıxmışdılar. Bu gün meydanda əziyyət çəkdilər. Bu səbəbdən çox sevindim. Bu qələbə bizim üçün uğur sayılır. Zaur Axundov hər zaman komandaya mükafat ayırır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button