Sənan Qurbanov: “Bu xal bizə pozitivlik gətirəcək”
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Ardıcıl məğlubiyyətlər bizə çox pis təsir edirdi. Çətin də olsa, bu vəziyyətdən çıxmağa nail olduq. Belə rəqiblə matçda qazanılan 1 xal önəmlidir. Bu, komandaya təkan olmalıdır. Hər baş məşqçiyə zaman lazımdır. Həftəlik proqramla işimizi davam etdiririk. Bu xal bizə pozitivlik gətirəcək.
Oyunçular qorxmadılar, xarakter göstərdilər. Sonadək inandılar, mübarizə apardılar. Onları təbrik edirəm. “Qarabağ” topla oynamağı sevir. Ona görə də oyunadək bütün məşqlərdə yalnız müdafiənin üzərində çalışmışdıq.
Qırmızı vərəqə almağım baş hakimin qərarı ilə razılaşmamağımla bağlı idi. Matçı kənardan izləmək çətindir. Uduzmaq istəmirdik. Bu, bizim inkişafımız üçün önəmlidir. Komandamızın meydanda yatdığını deməzdim. Sonadək oyundan qopmadılar.
Bu həftə ərzində gərginliyi tamamilə aradan qaldırmağa çalışdıq. Məşqlərdə ancaq deyib-gülmüşük. İstər-istəməz emosional olursan. Bu gün futbolçuların meydanda futboldan, rəqibdən həzz almasını istədim. Aldair Neto ötən tur özünə yaraşmayan səhv etmişdi. Onunla ciddi söhbət etdim.
Biz oyunçuların inkişafını istəyirik. Onların uşaq səhvləri etməsinə qarşıyıq. Hər birini meydanda daha yaxşı görmək arzusundayıq. Çünki səhvlər komandaya mənfi təsir edir. Bəzən fikirlərimi onlara aqressiv şəkildə çatdırıram. Futbol belədir. Bu cür hallar bizim üçün böyük təcrübədir. Neto bu gün də arxaya doğru təhlükəli gediş etdi. Bəlkə də psixoloji gərginliklə bağlıdır. Qol vurması özü üçün də yaxşıdır. Daha əvvəl Miyuşko Boyoviçə əsəbi idim. Ona dedim ki, sən təcrübəli futbolçusan, belə məsuliyyətsizlik etməyə haqqın yoxdur”.
Bizi Facebook-da izləyin