“Qarabağ”a uduza-uduza böyüyən “Şerif”in hekayəsi – Yazı+Fotolar

Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Moldovanın “Şerif” komandası ilk turda Donetsk “Şaxtyor”unu (Ukrayna) 2:0 hesabıyla məğlub edərək, daha bir sürprizə imza atdı.

Hazırda Çempionlar Liqası turnirində iştirak edən klublar arasında ən az dəyəri olan məhz Tiraspol təmsilçisidir. “Şerif”in heyətinin dəyəri 11,68 milyon avrodur.

Moldova təmsilçisi D qrupunda “Şaxtyor”la yanaşı, İspaniyanın “Real” və İtaliyanın “İnter” klubları ilə mübarizə aparır. Maraq üçün qeyd edək ki, moldovalıların rəqibi “Real”ın dəyəri 783,50, “İnter”in 573,30, “Şaxtyor”unku isə 183 milyon avrodur.

“Şerif”i ukraynalı mütəxəssis Yuri Vernidub çalışdırır. O, 2020-ci ilin dekabrından bu komandaya başçılıq edir. Vernidub Azərbaycan futboluna da tanış simadır. Belə ki, ukraynalı çalışdırıcının oğlu Vitali Vernidub 2015-2018-ci illərdə “Qəbələ” klubunun uğurları üçün çalışıb. Müdafiəçi hazırda ölkəsində – “Zarya”da çıxış edir.

Vitali Vernidub – “Qəbələ”

Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” 2019-cu ildə Yuri Vernidubla maraqlanıb. Həmin ərəfədə Bakıya gələn ukraynalı çalışdırıcının Masazır təmsilçisinə baş məşqçi təyin olunacağı ehtimal olunurdu, amma “Sabah”dan ona heç bir rəsmi təklif olmayıb. Bu barədə “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında deyib:

“Ölkə mətbuatında bu barədə xəbərlər iki il öncə yayılmışdı. Hansı ki, həmin vaxtda klubumuz baş məşqçi postuna axtarışlarını davam etdirirdi. Qeyd etdiyim dövrdə Yuri Vernidubun Bakıda olması bu iddiaları bir az da gücləndirmişdi. Lakin həmin vaxt ukraynalı mütəxəssisin özünün də qeyd etdiyi kimi, heç bir rəsmi görüş və ya təklif olmamışdı. Sadəcə, qeyd etdiyim dövrdə klubumuzun baş məşqçi axtarışları və həmin dövrdə Vernidubun ölkəmizdə olması bu iddiaların ortaya çıxmasına səbəb olmuşdu”.

Vernidub Azərbaycan mətbuatına müsahibəsində də “Sabah”dan təklif almadığını qeyd edib:

“Sabah”la konkret heç nə yoxdur. Ona görə bu məsələyə heç şərh vermək istəməzdim. İnandırım sizi, axı heç mənə elə təklif də yox idi. Mən sadəcə, Bakıya gəzməyə gəlmişdim. Orda dostlarım çoxdur, hətta 90-cı illərdə “Neftçi”də oynamış uşaqlardan da dostlarım var. Deyim ki, konkret olaraq “Sabah”la danışığa gəlmişdim, düz deyil”.

Yuri Vernidub

“Şerif”in heyətinin demək olar ki, yarısından çoxu legionerlərdən ibarətdir. Moldova təmsilçisində cəmi 7 futbolçu yerlidir. Komandanın ən dəyərli futbolçusu kapitan Frank Kastanedadır. 27 yaşlı hücumçunun “transfermarkt”da dəyəri 1 milyon avrodur. Azərbaycan klublarının legioner tapmaqda, ölkəyə gətirməkdə çətinlik çəkdiyi bu vaxtlarda “Şerif” heyətini 10 xarici futbolçu ilə gücləndirib.

Tiraspol klubunun bu mövsüm üzrə bombardiri Momo Yansanedir. Qvineyalı hücumçunun aktivində 4 qol var. Məhsuldar ötürmə sayında isə komandanın lideri Sebastien Tilldir. Lüksemburq milli komandasının da üzvü olan yarımmüdafiəçi üç dəfə komandasının qolunun ötürməsini edib.

“Şerif”in baş məşqçisi kimi, özü də Azərbaycan futboluna çox tanışdır. Belə ki, Tiraspol təmsilçisi 7 dəfə Azərbaycan klubları ilə qarşılaşıb. Bu oyunların 5-i “Qarabağ”la, digərləri isə keçmiş “İnter” (indiki “Keşlə”) və “Neftçi” ilə olub. “Şerif” son olaraq 2020-ci ilin sentyabrında, Çempionlar Liqasının 2-ci mərhələsində “Qarabağ”la qarşılaşmış və 1:2 hesabıyla uduzmuşdu. “Qarabağ” “Şerif”ə cəmi bir dəfə uduzub, o da Moldovada, 0:1 hesabıyla.

“Qarabağ” – “Şerif” – 3:0

“Şerif” bu mövsüm çıxışı ilə futbol dünyasını təəccübləndirməyə davam edir. Çempionlar Liqasında “Alaşkert” (Ermənistan), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Şaxtyor” kimi komandaları məğlub etməyi bacaran moldovalıların növbəti rəqibi isə İspaniyanın “Real” klubu olacaq. Oyun sentyabrın 28-də, Madriddə keçiriləcək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button