“Əl Əyn”i seçən Bəhlulun karyerasına “Əl Fatihə”, yoxsa… – Yazı+Fotolar

Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl Əyn” klubu ilə razılaşdığını xəbər vermişdik. 24 yaşlı müdafiəçinin transferi ilə bağlı bəzi detallar qalıb və bundan sonra o, yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.

“Əl Əyn”i ukraynalı məşhur mütəxəssis Sergey Rebrov çalışdırır. O, bu ilin iyununda komandanın “sükanı arxasına” keçib.

Bəhlul “Əl Əyn”in heyətində “transfermarkt”a görə ən dəyərli 7-ci futbolçudur. Mustafazadənin dəyəri 500 min avro olaraq qiymətləndirilib. Komandanın ən bahalı futbolçusu isə 4 milyon avro ilə Kristian Kuankadır. Argentinalı hücumameyilli yarımmüdafiəçi bu ilin yanvarında icarə əsasında “Əl Şabab”dan heyətə cəlb olunub.

Sergey Rebrov

“Əl Əyn”də vaxtilə Portuqaliyanın “Sportinq”, “Braqa”, Niderlandın “Den Haaq”, Xorvatiyanın “Dinamo” (Zaqreb) kimi klublarında çıxış etmiş Vilson Eduardo forma geyinir. Hücumçu Anqola yığmasının da üzvüdür.

Birləşmiş Ərəb Əmirliklərinin yüksək liqasında 14 komanda çıxış edir. Çempionatın ən dəyərli komandası “Əl Nəsr”dir. Komandanın “transfermarkt”da dəyəri 22,85 milyon avrodur. “Əl Əyn”in dəyəri isə 19,80 milyon avrodur.

Vilson Eduardo

BƏƏ yüksək liqasında bir sıra tanınmış futbolçular çıxış edir. Belə ki, vaxtilə “Portu”, “Nitsa”da forma geyinmiş Karlos Eduardo (“Əl Şabab”), “Lill”, “Havr”, “Nottingem Forest”, “Kayserispor”da oynamış Ryan Mendeş (“Əl Nəsr”), Sloveniya yığmasının üzvü, PSV, “Cenoa”, “Auqsburq” kimi komandalardan tanıdığımız Tim Matavj (“Əl Vaxda”) bu ölkənin çempionatında tər tökür.

“Əl Əyn” ötən mövsümü çempionatda 6-cı sırada bitirib. 26 turda 41 xal toplayan komanda bu matçlarda 11 qələbə qazanıb, 7 dəfə məğlub olub. Çempion isə “Əl Cəzirə” klubu olub.

“Əl Əyn”

Daha əvvəl BƏƏ-də Azərbaycan millisinin sabiq üzvü Riçard Almeyda çıxış edib. Son olaraq “Zirə”nin şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi 2020-ci ilin yanvarından iyuluna qədər “Baniyas”da top qovub.

“Sabah”ın keçmiş baş məşqçisi Jelko Sopiç də 2019-cu ilin yanvarından noyabrına qədər “Əl Əyn”də məşqçi kimi çalışıb.

Səviyyəcə çox da güclü olmayan BƏƏ çempionatının qalibi Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanır. Liqanı 13 və 14-cü sırada bitirən komandalar isə aşağı diviziona enir. Çempionatda yeni mövsümə avqustun 19-da start veriləcək. “Əl Əyn”in ilk turdakı rəqibi isə “Haur Fakkan” komandası olacaq.

“Sabah”dan ayrılıb “Əl Əyn”in yolunu tutan Bəhlulun bu komandada necə çıxış edəcəyini zaman göstərəcək. Müdafiəçinin yolu açıla və daha yaxşı klublara keçə bilər, ya da əks marşrutla – millinin sabiq üzvü Riçard Almeyda kimi yenidən Azərbaycana üz tuta bilər.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button