Elxan Məmmədov: “Bu, ölkəmiz üçün əla reklamdır”
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AÇ-2020-nin qrup mərhələsinin Bakıda keçirilən oyunları ilə bağlı fikirlərini bildirib.
Komanda.az “einnews” saytına istinadən xəbər verir ki, Məmmədov, Bakıya gələn xarici azarkeşlərin şəhərə rəng qatdığını deyib:
“Türkiyəli azarkeşlər də daxil olmaqla, Uels və İsveçrə azarkeşləri Bakıdakı oyunlar zamanı şəhərə rəng qatdılar. Bakı 1/4 final mərhələsinə vəsiqə qazanacaq komandaları da burada qəbul etməyə hazırdır.
Ümid edirəm ki, azarkeşlər burdan məmnun qaldılar və Azərbaycanla yaxınlıq hiss etdilər. Uels millisinin 1/4 finala çıxmaq üçün şansı var. 1/8 finalda qələbə qazansalar, onları tezliklə burda görməkdən məmnun olarıq.
Əvvəl Formula 1, indi də Avropa çempionatının oyunları Bakıda keçirilir. Bu, ölkəmiz üçün əla reklamdır. Uelsli fanatlar Bakıya tək futbol üçün deyil, həm də paytaxtımızın mədəniyyətinə, tariximizə, şəhərimizin müasir və qədim memarlıq nümunələrinə şahid olmaq üçün gəliblər. Bakı gələcəkdə Qaret Beyl, Robert Peyc və uelslilər üçün yaddaşlarda Xəzər dənizi sahilindəki ikinci ev kimi qala bilər”.
Bakı Olimpiya Stadionu A qrupunun 3 oyununa ev sahibliyi edib. Turnirin 1/4 final mərhələsinin də bir oyunu burda keçiriləcək.
Bizi Facebook-da izləyin