“Ukrayna millisindən dəvət gözləyə bilməzdim” – Nuriyev
Ukraynanın “Minay” klubunun hücumçusu Anatoli Nuriyev Azərbaycan yığmasına dəvət alması barədə danışıb.
Komanda.az xəbər verir ki, millimizdə debüt də edən futbolçu, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Açığı, özümü beynəlxalq arenada sınamağı çox istəyirdim. İlk dəfə Azərbaycan millisində oynamaq fürsətimin ola biləcəyini 1 il əvvəl öyrəndim. Axı, ata tərəfdən bu ölkə ilə bağlılığım var. Amma Zakarpatye futbolunun yetirməsi kimi hər zaman Ukrayna yığmasında çıxış etmək istəyirdim. Hər zaman realist olmuşam. Bilirdim ki, Andrey Şevçenkonun komandasında yarımmüdafiəçilər arasında qızğın rəqabət var. Ona görə də Ukrayna millisindən dəvət gözləyə bilməzdim”.
25 yaşlı oyunçunun sözlərinə görə, idman vətəndaşlığını dəyişdirməyə qərar verməmişdən əvvəl iki dəfə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə görüşüb: “De Byazi mənə güvəndiyini söylədi. İtaliyalı mütəxəssisin məhz bu etimadı mənim üçün həlledici oldu. Martda yığmada bir anda üç oyun keçirdim. Əvvəlcə DÇ-2022-nin seçmə mərhələsində Kristiano Ronaldonun kapitanı olduğu Portuqaliya ilə matçda, ardınca Qətərlə yoldaşlıq görüşündə, ən sonda isə Serbiya ilə görüşdə meydana çıxdım. Məhz sonuncu qarşılaşmada xal qazanmağa yaxın idik, amma bəxtimiz gətirmədi. Ümid edirəm ki, qazandığım beynəlxalq təcrübə bu yaxınlarda müqaviləmi bir il uzatdığım “Minay”da mənim üçün faydalı olacaq”.
O, Portuqaliya və Serbiya ilə matçlardan sonra rəqib komandaların ulduz futbolçuları ilə forma dəyişdirməməsinin səbəbini də açıqlayıb: “Belə şeyləri sevmirəm. Üstəlik, öz idman muzeyim də yoxdur”.
Bizi Facebook-da izləyin