Onun adı Hondadır, “Neftçi”nin gözü ondadır – Yazı+Fotolar
Yaponiya futbolu tarixinin ulduzlarından olan Keysuke Honda karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Neftçi” ilə danışıqlar aparır. “Ağ-qaralar”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 19-cu turunun “Keşlə” ilə matçından (3:1) sonra keçirilən mətbuat konfransında da Honda ilə 90 faiz razılıq əldə olunduğunu deyib.
1994-cü ildən futbola başlayan Honda ilk olaraq ölkəsində top qovub. Keysuke Honda futbola gəlişi haqda açıqlamalarının birində bunları deyib:
“6 yaşım var idi, bir gün atam evə videokasetlə gəldi. Bu, bizim üçün böyük bir şey idi. Çünki 90-cı illərdə Osakada yaşayırdıq və belə şeylər bizim üçün lüks həyat demək idi. Buna baxmayaraq, evimizdə televizorumuz var idi. Atam evə gələndə mən dərslərimi edirdim. Atam gülümsəyərək məni çağırdı və “sənə bir şey göstərmək istəyirəm” dedi. “Bu nədir” deyə soruşanda, cavabı “Pele” oldu.
Videogörüntülər ağ-qara idi və əvvəlcə heç nə başa düşmürdüm. Sonra bir anda gördüm ki, Pele sağ cinahdan topla irəliləyir. Daha əvvəl belə sürətli birini görməmişdim. Ona heyran olmuşdum, çönüb atamdan soruşdum ki, bu adam necə belə oynayır? Atamın cavabı isə belə olmuşdu: “O, sadəcə zövq üçün oynamır, həm də bilir ki, yaxşı oynasa özünü və ailəsini qazandığı pulla dolandıra biləcək. Buna görə hər şeyini ortaya qoyur”.
Atam Pele haqqında çox məlumatlı idi və mən də onun kimi, braziliyalının həyatını oxumağa qərar verdim. Biz Pele qədər kasıb olmasaq da, çox zəngin də olmamışıq. Pele mənim futbola baxışımı dəyişdi, artıq futbolu sadəcə bir oyun olaraq görmürdüm. Bundan sonra özümə söz verdim ki, nə olur olsun, əlimdən gələn hər şeyi edib, yaxşı futbolçu olacam və dünya çempionatında iştirak edəcəm”.
Şəxsi həyatındakı çətinliklərdən də bəhs edən Honda, nənəsinin onun inkişafında böyük rolu olduğunu bildirib. O, intizamlı biri olmasında ən böyük pay sahibinin nənəsi olduğunu deyib:
“Atamla anam ayrıldıqdan sonra mən nənəmlə qalırdım. Onun həyata baxışı fərqli idi. Kasıb bir ailədən gələn nənəm, kiçik xəyallar quran və taleyi ilə barışan qadın idi. Bizim ailəmizdə varlanmayacaqlarını qəbul etmişdilər, lakin mən belə deyildim, onlardan fərqli düşünürdüm. Nənəmlə çoxlu mübahisələrimiz olurdu, hətta bir dəfə məni sərt şəkildə vurmuşdu. Çox intizamlı idi və məndən də bunu tələb edirdi. Onun üzərimdə əməyi böyükdür. Nənəmin sayəsində indi intizamlı biriyəm”.
Honda futbolçu karyerasına ölkəsində başlayıb. Gənc yaşlarında “Settsu”, “Qamba Osaka” və “Seyriu” kimi klublarda top qovan Honda, ilk peşəkar müqaviləsini “Naqoya Qrampus” klubu ilə imzalayıb. Üç il bu komandanın şərəfini qoruyan yarımmüdafiəçi 90 oyunda 11 qolla yadda qalıb.
Yapon futbolçu müxtəlif vaxtlarda Niderlandda “Venlo”, “Vitess”, Rusiyada ÇSKA, İtaliyada “Milan”, Meksikada “Paçuka”, Avstraliyada “Melburn”, Braziliyada “Botafoqo” klublarında çıxış edib. Yaponiya yığmasında 98 oyuna çıxan yarımmüdafiəçi 37 qol vurub. Honda 2011-ci ildə keçirilən Asiya kubokunun ən dəyərli futbolçusu seçilib. Futbolçu 2018-ci ildə milli kayerasını bitirib.
2008-ci ildə Niderlandın 2-ci liqasında mübarizə aparan “Venlo”nun Erediviziyaya yüksəlməsində böyük rol oynayan Hondaya azarkeşlər tərəfindən “İmperator Keysuke” ləqəbi verilib. Honda, Çempionlar Liqasının 1/4 finallarında oynayan ilk yapon futbolçu ünvanını da daşıyır. O, bundan başqa, üç dünya çempionatında qol vuran, dünya çempionatları tarixində ən çox qol vuran ilk asiyalı futbolçudur.
Honda 2018-ci ildə Avstraliyanın “Melburn” komandasında çıxış edən zaman Kamboca yığması ilə də razılıq əldə edir və millinin “sükanı arxasına” keçir. Futbolçu hələ də Kamboca yığmasını çalışdırır (!).
Hondanın hazırda “transfermarkt”da dəyəri 800 min avrodur. Futbolçunun ən bahalı vaxtları Moskva ÇSKA-sında çıxış edərkən olub. 2013-cü ildə Hondanın dəyəri 20 milyon avro olub.
Bizi Facebook-da izləyin