“Zenit”dən Azərbaycanın 1-ci divizionuna kimi xərclənən karyera – Yazı+Fotolar
“Sabah”ın və Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev 1-ci divizionun dünən keçirilən “Sabah-2” – “Qaradağ Lökbatan” matçının (1:2) start heyətində yer alıb və ikinci hissədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Əsas komandanın baş məşqçisi Visente Qomesin son vaxtlar az şans verdiyi (və ya vermədiyi), Premyer Liqa oyunlarının əksərinin son 15-20 dəqiqəsində meydana çıxan Şeydayev vaxtilə Azərbaycanın perspektivli futbolçularından hesab olunurdu.
Peşəkar karyerasına Rusiyanın “Zenit” klubunda başlayan Ramil, 2013-2016-cı illər aralığında bu komandada çıxış edib. 2016-cı ildə 169 min avro qarşılığında Türkiyənin “Trabzonspor” klubuna yollanan hücumçu Qaradəniz təmsilçisində cəmi 3 oyuna çıxıb və 1 qol vurub. Əsas komandaya düşə bilməyən Şeydayev müxtəlif vaxtlarda Slovakiyanın “Jilina” və Azərbaycanın “Qarabağ” klubuna icarəyə verilib. O, “Jilina”ın əsas komandasında 16 oyuna 5 qol, “Qarabağ”da isə 17 oyuna 1 qol vurmağı bacarıb.
Ramil Şeydayev daha çox oyun praktikası qazanmaq üçün 2018-ci ildə azad agent olaraq yenidən Rusiyaya yollandı. Samara təmsilçisi “Krılya Sovetov”la müqavilə imzalayan hücumçu, artıq yavaş-yavaş öz formasını bərpa edə bilirdi. Rusiyada olarkən “transfermarkt”da dəyəri 1,2 milyon avroya qədər yüksələn Ramil, “Krılya Sovetov”da 20 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə edib. 2018/19 mövsümünü Samara klubunda keçirən Şeydayevin növbəti ünvanı isə Rusiyanın köklü klublarından olan “Dinamo” oldu. Moskva komandasında 9 oyunda şans qazanan futbolçu qol hesabını aça bilmədi. Bu uğursuzluq onun paytaxt təmsilçisindən ayrılmasına gətirib çıxardı.
Moskva “Dinamo”sundan ayrılacağı iddiaları çıxan zaman, Ramilin yeni ünvanının Azərbaycan – “Neftçi” olacağı deyilirdi. Mətbuatda artıq “Neftçi”nin futbolçusu kimi təqdim olunan Şeydayev isə “ağ-qaralar”a deyil, “Sabah” klubuna keçərək, hər kəsi təəccübləndirməyi bacarmışdı.
2020-ci ilin fevralında “Sabah”a keçən Ramil, Azərbaycan Premyer Liqasında iki mövsümdə 20 oyuna çıxıb və cəmi 3 qol vura bilib. Şeydayevin karyerasındakı eniş onun 1-ci divizionda oyuna çıxması ilə davam edir. Öz istəyi ilə əvəzedici komandayla matça çıxan Şeydayev, oyun praktikasını artırmaq məqsədiylə bu addımı atıb. Lakin göründüyü kimi, hücumçunun bu həmləsi də uğursuz oldu. Belə ki, “Qaradağ Lökbatan”la matçın ikinci hissəsində Ramil hakimə etirazlarına görə qırmızı vərəqə alaraq, meydandan qovuldu. Şeydayev meydanda olarkən komandası hesabda irəli olsa da, onun komandasını azlıqda qoymasından sonra “Sabah-2” iki qol buraxdı və məğlub oldu.
Azərbaycan milli komandasının da əsas “qol silahı” olan Şeydayev, yığmada 32 oyunda 5 qol vurub. Hücumçunun DÇ-2022-nin seçmə mərhələsi oyunlarına çağırılması da sual altındadır. Hərçənd, bir zamanlar klubsuz olan Araz Abdullayevi milliyə dəvət edən baş məşqçi Canni De Byazi indi də Şeydayevi yığmaya çağıra bilər. Bəlkə, ən azı ona görə ki, italiyalı mütəxəssisin seçim imkanı geniş deyil, xüsusən də, söhbət hücumçulardan gedirsə.
Ramil Şeydayevin hazırda “transfermarkt”da dəyəri 450 min avrodur.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin