“Bu, komandanın maksimumu deyil” – Elmar Baxşıyev
Azərbaycan Premyer Liqasının ikinci hissəsinə hazırlıq məqsədilə keçirilən “Sumqayıt” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev hazırlıq prosesi və matç haqda fikirlərini açıqlayıb.
Komanda.az sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Qış fasiləsində həm fiziki, həm taktiki-texniki hazırlıq üzərində çalışmağı planlaşdırmışdıq. Toplanışın arxada qalan hissəsində də bunun üzərində işlədik. Qəbələdə hər bir şərait var. Antalya yalnız sınaq matçları üçün rəqiblərin olması ilə fərqlənir. Qəbələdə rəqib komandaları da qəbul etməyə imkan var. Çempionatda fasilə çox olmadığından bir oyunla kifayətlənmək mümkündür. Komanda inkişafdadır. Bu, komandanın maksimumu deyil və daha yaxşı olacağına ümid edirəm. Getdikcə öz oyunumuzu nümayiş etdirəcəyik. Komandanı komplektləşdirib, müqavimətə davamlı kollektiv yaratmağa çalışırıq. Hər rəqiblə görüşdə öz oyunumuzu nümayiş etdirməyimiz sevindirir. Bugünkü qarşılaşmada bütün oyunçulara şans verdim ki, onların hər biri qarşılaşmadakı yükləməni götürsün. Heyətdə zədəli olmadığından tam heyətlə “Zirə”ylə matça hazırlaşırıq. Hələ kubok matçı barədə düşünmürük. Bütün fikrimiz “Zirə” ilə qarşılaşma ilə bağlıdır. Kubokda da yaxşı nəticələr qazanmaq istəyirik. Komanda məşqlərdə yaxşı çalışır. Futbolçular məsuliyyəti dərk edir və bizim tələblərimizi yerinə yetirirlər”.
Bizi Facebook-da izləyin