AGF-dən Olimpiya çempionuna yubiley təbriki
Bu gün sərbəst güləş üzrə olimpiya çempionu, güləşimizin canlı əfsanəsi Namiq Abdullayevin 50 yaşı tamam olur.
Komanda.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev yubilyarla görüşüb və onu təbrik edib.
Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın məşqçilərinin də iştirak etdiyi görüşdə federasiyanın rəhbəri Namiq Abdullayevin güləşdə qazandığı böyük uğurlardan danışıb. Artıq onun təcrübəsindən millimizin baş məşqçisi kimi yararlandığını qeyd edərək qarşıdan gələn yarışlarda, xüsusən də lisenziya turnirlərində və Olimpiadada uğurlar arzulayıb.
Daha sonra çıxış edən yubilyar təbrikə və göstərilən diqqətə görə minnətdarlığını bildirib və geridə qalan 50 ildə üzlədiyi çətinliklərlə yanaşı, qazandığı uğurlardan danışıb. 2007-ci ildən bu yana AGF-də baş verən kəskin dəyişikliklərdən sonra bütün problemlərin həll olunduğunu, federasiyanın diqqət və qayğısı nəticəsində Olimpiadalarda, dünya və Avropa çempionatlarında böyük uğurların qazanıldığını qeyd edib.
Xatırladaq ki, Atlanta-1996-da gümüş, Sidney-2000-də qızıl medal əldə edən Namiq Abdullayev Avropa və dünya çempionatlarında ümumilikdə 10 dəfə fəxri kürsüyə qalxıb. Avropa çempionatlarında 3 dəfə himnimizi səsləndirən Abdullayev daha 3 dəfə dünya çempionatında gümüş medalı aktivinə yazıb.
Bizi Facebook-da izləyin