40 illik karyerasını başa vurur – Advokat
Niderlandın “Feyenoord” klubunun baş məşqçisi Dik Advokat bu mövsümün sonunda karyerasını başa vuracaq.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
73 yaşlı mütəxəssis özü də açıqlama verib və bu dəfəki qərarının qəti olduğunu söyləyib:
“Bilirəm ki, belə bir qərarı öncə də vermişdik. Amma indi buna şübhə etməyə bilərsiniz. Qarşıdakı bir neçə ay mənim uzun və gözəl karyeramın sonudur. “Feyenoord” karyeramı başa vurmaq üçün əla yerdir. Ümid edirəm və inanıram ki, bu mövsümü uğurla başa vuracağıq”.
Xatırladaq ki, Dik Advokat hələ Türkiyənin “Fənərbaxça” klubunu çalışdırarkən, 2017-ci ildə karyerasını bitirəcəyini söyləmişdi. Lakin ondan sonra təcrübəli məşqçi Niderland yığmasında, həmçinin “Sparta” və “Utrext”də çalışıb. 2019-cu ilin oktyabrından isə o, “Feyenoord”u çalışdırır.
Məşqçiliyə 1980-ci ildə başlayan mütəxəssis 40 illik zəngin karyerasında bir sıra komandalarda çalışıb. O, PSV ilə Niderland, “Reyncers”lə Şotlandiya, “Zenit”lə Rusiya çempionu olub. Advokat Niderland millisiylə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Bellçika, Rusiya, Serbiya yığmalarını da çalışdırıb.
Bizi Facebook-da izləyin