“Sabah” klubunun skautinq sistemini yaratmağı hədəfləyirik” – video
İTV-də yayımlanan “Bol İdman” verilişində “Sabah” klubunun akademiyası haqda reportaj yayımlanıb.
Komanda.az xəbər verir ki, reportajda “Sabah”ın akademiyasının baş koordinatoru Adino Mustedanaqiç İTV-yə açıqlamasında akademiyanın hədəfləri haqda bunları deyib:
“Dinamo” (Zaqreb) klubunun futbol akademiyası ilə “Sabah” klubunun futbol akademiyasının birgə layihəsinin icrasına 1 ildən artıq bir vaxtdır ki, başlayıb. Bu əməkdaşlıqda əsas məqsəd “Dinamo” klubunun akademiyasında gənc oyunçuların hazırlığı, onlarla işləmək təcrübəsindən yararlanaraq, “Sabah” Futbol Klubunun akademiyasında gənc futbolçuların bilik və bacarıqlarını artırmaq, onların yetişməsində bu praktikanı tətbiq etməkdir. “Dinamo”nun futbol akademiyasında 5 əsas standartdan istifadə edirdik:
1-ci – Məşqçilərin inkişaf sistemi – burda əsas məsələ akademiyada məşqçilərimizin təkmilləşdirmə kurslarında biliklərinin artırılmasıdır. Burda mühazirələr də daxil olmaqla müxtəlif vasitələrdən istifadə olunur. Bizim birgə layihəmizin tərkib hissəsi olaraq “Dinamo” futbol akademiyasından məşqçilər və mütəxəsislər gələrək burda bizim məşqçilərə mühazirələr oxuyurlar. Həmçinin məşqçilərimizin Zaqrebə gedərək “Dinamo” Futbol Akademiyasında treyninqlərdə iştirak etməsi və akademiya ilə tanışlıq da nəzərdə tutulub. Əlbəttə ki, koronavirus pandemiyası bizim işlərimizə az da olsa mane olur.
2-ci – Biz skautinq sistemi üzrə də əməkdaşlıq edirik. Azərbaycanda gənc istedadların üzə çıxarılmasını təmin etmək üçün “Sabah” klubunun skautinq sistemini yaratmağı hədəfləyirik. Bu məsələdə də “Dinamo”nun təcrübəsindən istifadə edirik.
3-cü – Bizim üzərində çalışdığımız digər məsələ oyunçuların fəlsəfəsidir. İlk olaraq aşağı yaş qruplarından başlayaraq tədricən böyük yaş qruplarında çıxış edən oyunçulara bunu aşılamaq məşqçilər üçün əsas standartlardandır.
4-cü – Məşqlərin metodikasını təkmiləşdirmək məsələsidir. Arxada gördüyünüz kimi, məşqlərin və oyunların metodikasını tətbiq etməklə futbolçuların daha yaxşı üsulla məşq etməsini təmin etməkdir. Biz bunu hər həftə edirik.
5-ci – Oyunçuların məşqlərinin fərdiləşdirilməsi. Bunun çox önəmli olduğunu düşünürük. Məşqlərin fərdiləşdirilməsindən əldə etdiyimiz üstünlükləri komandada tətbiq edəcəyik. Bu layihənin ilk hissəsi olan məşqçilərin tədrisi məsələsi təəssüf ki, koronavirus pandemiyasına görə bəzi ideyalarımızı həyata keçirə bilmirik. Lakin bu pandemiya bitdikdən sonra bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Əlbəttə ki, koronavirus pandemiyası dövründə bütün klublar və federasiyalar ciddi problemlərlə üzləşdirlər, lakin maraqlısı odur ki, biz işimizi dayandırmadıq və görüləcək işlərimizi bu pandemiya dövrünə uyğunlaşdırmağa çalışdıq. Və bunu bir qədər fərqli üsulla etməyə çalışdıq.
Əməkdaşlığımızın müddəti barədə onu deyə bilərəm ki, bu bir qədər uzunmüddətli olmalıdır. Çünki bəzi dəyişiklikləri etmək elə də asan deyil. Bu 1, 2, 3 il və daha çox davam edə bilər. İstənilən halda, bu layihə başa çatdıqdan sonra ümid edirəm ki, daha təkmilləşmiş məşqçilər, futbolçular və akademiya görə biləcəyik. Çünki insan resursları və keyfiyyəti bu işdə olduqca önəmlidir. “Sabah” klubu malik olduğu şəraitə uyğun olaraq söhbət açdığımız işlər üzrə maksimum səylə çalışır.
Gördüyünüz kimi, bizim məşqlər təbii ot örtüklü meydançalarda da keçirilir. Futbol ümumiyyətlə təbii ot örtükdə oynanılan idman növüdür. Futbol – özü bu təbii ot örtüyüdür və müəyyən olunmuş ölçülü meydançalardır. Digər amillər futbolun keyfiyyətini aşağı salır. Və çox şadam ki, klub bizim üçün, oyunçular üçün maksimum şərait yaradır ki, onlar inkişaf edə bilsinlər”.
Bizi Facebook-da izləyin