“Azərbaycan ordusunun uğuru orda yaşayan erməniləri narahat edirdi” – Müsahibə
Azərbaycanlı futbolçu Nurlan Novruzov bir neçə gün əvvəl Estoniyanın “Narva Trans” klubundan ayrıldığını açıqlayıb.
Vaxtilə “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail” kimi klublarda çıxış edən, iki dəfə də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının formasını geyinən hücumçu, Komanda.az saytına müsahibə verib. Novruzovla bundan sonrakı hədəflərindən, Estoniya və Azərbaycan futbolu, İkinci Qarabağ müharibəsi haqda danışdıq:
- Nurlan, bir neçə gün əvvəl formasını geyindiyin “Narva Trans” (Estoniya) klubundan ayrıldın və hazırda azad agentsən. Azərbaycana qayıtmısan?
- Xeyr, hazırda Türkiyədə istirahətdəyəm.
- Klubdan ayrılmağına səbəb nə idi?
- Həm koronavirus, həm də təklifin olmaması. “Narva Trans” mənə yeni müqavilə təklif etmədi. Artıq orda koronavirusa yoluxanların sayı artır. Bizim rəqib komandalarda da 4-5 futbolçuda virus aşkarlanmışdı. Bu səbəbdən, çempionat da dayandırıldı və mən də Estoniyanı tərk etməli oldum.
- Bundan sonra nə etmək haqda düşünürsən?
- Hələ istirahət edirəm, sonra düşünəcəm. Estoniya və Litva çempionatları martda başlayır. Buna qədər vaxtım var. Hazırda yeganə problem koronavirus pandemiyasıdır. Dekabrın 5-də Bakıya qayıdacam, bundan sonra bəzi qərarlar verəcəm.
- Planlarının arasında Azərbaycan klublarında forma geyinmək var?
- Açığı, bu barədə düşünməmişəm. Ancaq bu pandemiyaya görə harasa getməkdə problem yaransa, Azərbaycana qayıtmağı düşünərəm.
- “Narva Trans”dakı karyeranı necə dəyərləndirirsən?
- Hər şey yaxşı bitdi, şükürlər olsun. Düzdür, arada problemlər oldu, ancaq çalışdım ki, yoluna qoyum. Bizim burda xırda səhvimiz Azərbaycanda böyük səhv kimi başa düşülə bilər. Şükür olsun ki, liqanı sağlam və zədəsiz bitirdim. Rəqib komandalarda 4-5 futbolçuda koronavirus aşkarlananda bunu normal qəbul edirdim, amma öz komanda yoldaşımın biri yoluxdu və bu, məni çox narahat etdi.
- Estoniyadakı 10 ay ərzində bu ölkəni, futbolunu və estonları necə tanıdın?
- Yaxşı tanıdım, hardasa bütün gəzməli yerlərlə tanış oldum. Ancaq Tallin (Estoniyanın paytaxtı) tamam fərqli bir yerdir. Futbolu haqda danışsaq, məncə, Estoniya futbolu son illərdə yaxşı inkişaf edir, bunu görməmək mümkün deyil. Qısa zamanda daha da yüksək səviyyəyə qalxacağını düşünürəm. Çünki burda futbol inkişaf edir və klublar futbolçularını İngiltərə Premyer Liqasına və İtaliya A Seriyasına göndərirlər.
- Nurlan, Estoniya futboluyla Azərbaycan futbolu arasındakı fərq nədir ki, onlar futbolçularını İngiltərəyə, İtaliyaya göndərə bilir, biz yox?
- Estoniyada məndən soruşurdular ki, nə üçün azərbaycanlı futbolçular ölkə xaricində yüksək liqalarda oynamır? Məncə, bu, Avropa pasportunun olmamasıyla bağlıdır. Estonlar ölkə xaricinə gedəndə orda legioner sayılmırlar. Düşünürəm ki, pasport amili böyük əhəmiyyət kəsb edir. Bizim də futbolçular ölkə xaricində legioner sayılmasaydılar, böyük çempionatlarda oynayardılar.
- Səncə, İngiltərə, İtaliya kimi ölkələrin böyük klublarında oynaya biləcək potensialı olan azərbaycanlı futbolçular kimlərdir?
- Bizdə belə futbolçular çoxdur, hamısının adını çəksəm, uzun olar. Qısa olaraq, Ağabala Ramazanovu, Mahir Emrelini, Tellur Mütəllimovu, Vüqar Mustafayevi, Elvin Camalovu, Namiq Ələsgərovu, Qara Qarayevi deyərdim. Həqiqətən, belə futbolçular çoxdur. Hələ heç Təmkin Xəlilzadənin adını qeyd etmədim. Yəni böyük çempionatlarda oynaya biləcək potensiallı futbolçularımız çoxdur.
- Bu saydığın futbolçuların hər biri Azərbaycan milli komandasının üzvüdür və nəticələr də göz qabağındadır. Yığmanın oyunlarını izləyirsənmi və səncə, Canni De Byazi milliylə nəyə nail ola biləcək?
- Oyunları izləyirəm, nəsə demək çətindir. Çünki həqiqətən, yaxşı futbol oynamırıq, bu da başadüşüləndir. Komandada yeni futbolçular çoxdur və bu da zamanla düzələr. Yığmaya ümidimiz böyükdür, təki bu dəfə itirən milli komandamız olmasın.
- Nurlan, İkinci Qarabağ müharibəsində qazanılan zəfərlə bağlı nə deyə bilərsən?
- “İnstagram” və “facebook”da xəbərləri izləyirəm. Amma istəyərdim ki, sona kimi vuruşub, bütün torpaqlarımızı erməni şərəfsizlərindən azad edək. Düzdür, şəhidimiz çoxdur, lakin gərək sona qədər vuruşardıq, yarımçıq dayanmazdıq.
- Estoniyada bu haqda danışılırdı?
- Əlbəttə, Estoniyada hər kəs bundan danışırdı. Azərbaycan ordusunun uğuru orda yaşayan erməniləri narahat edirdi. Avropada hər kəs türklərdən qorxur, bu da məni sevindirir. Türk demək Azərbaycan demək kimi bir şeydir. Çölə çıxanda ermənilərin torpaqlarımızdan qaçdığını eşitdikcə alnıaçıq və daha rahat şəkildə gəzə bilirdik. Bu, tamam fərqli hissdir. İnsan öz ölkəsiylə qürur duyur, bunu sözlə ifadə etmək olmur, dəhşət hissdir. Ermənilər təkləməyi sevən millətdir, ancaq təkə-təkdə tülkü kimi qorxaq olurlar.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin