
“Turan Tovuz” Konfrans Liqasında hara kimi irəliləyə bilər? – TƏHLİL
“Turan Tovuz”un 32 illik həsrəti sona çatdı və klub Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünü turnir cədvəlinin 3-cü pilləsində tamamlayaraq, tarixində yeni səhifə açdı. Bu nəticə təkcə bir mövsümün uğuru deyil, bölgə futbolunun uzun illərdən sonra yenidən elit səviyyədə özünü təsdiqləməsidir. İndi isə qarşıda daha böyük və daha sərt bir sınaq var – UEFA Konfrans Liqası.
“Turan Tovuz”u gözləyən püşk
Tovuz təmsilçisi turnirə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Komanda püşkatmada səpələnməmişlər səbətində yer alacaq ki, bu da rəqib baxımından ciddi risk deməkdir. Artıq potensial 44 rəqibdən 15-i müəyyənləşib və siyahı özü-özlüyündə “Turan Tovuz” üçün sınağın səviyyəsini göstərir: “Panatinaikos” (Yunanıstan), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), AEK (Kipr), “Riyeka” (Xorvatiya), “ÇFR Kluj” (Rumıniya), HJK (Finlandiya), “Jrinski” (Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Hradec Kralove” (Çexiya), “Austria” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Nordşelland” (Danimarka) və “Tobol” (Qazaxıstan).
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Bu mərhələnin oyunları iyulun 23-də və 30-da olacaq.
Keyfiyyətli transferlər vacibdir!
Bu rəqiblərin hər biri Avropa təcrübəsi olan, fərqli futbol məktəblərini təmsil edən klublardır. Xüsusilə, “Panatinaikos”, “Partizan” və “Austria” kimi komandalar avrokubokların “köhnə tanışlar”ı sayılır və belə rəqiblərlə qarşılaşma artıq ilk mərhələdən böyük təcrübə və taktiki intizam tələb edəcək. “Turan Tovuz”un üstünlüyü isə uzunmüddətli sabitlik və birgə oyun fəlsəfəsidir. Son iki mövsümdə komanda Premyer Liqada sərt müdafiə, kompakt orta xətt və standart vəziyyətlərdən effektiv istifadə ilə diqqət çəkib. Ancaq Konfrans Liqasında temp daha yüksək olur, səhv isə daha baha başa gəlir.
Burada əsas sual heyətin keyfiyyətidir. Hazırkı oyunçular yerli çempionatda rəqabətə davam gətirsə də, Avropa səviyyəsində fərdi ustalıq və geniş ehtiyat oyunçular oturacağı çox önəmli olacaq. Yay transfer dövründə ediləcək iki-üç və daha çox keyfiyyətli əlavənin “Turan Tovuz”un taleyini ciddi şəkildə dəyişə biləcəyi də istisna deyil.
Berdıyev amili
Komandanın baş məşqçisi Kurban Berdıyev amili isə ayrıca diqqət mərkəzindədir. “Rubin”lə Avropada “Barselona”nı “Kamp Nou”da məğlub (2:1) etmək kimi tarixi nəticələrə imza atan təcrübəli mütəxəssisin oyun planı bu turnirdə həlledici ola bilər. Onun Avropa təcrübəsi “Turan Tovuz” üçün həm taktiki üstünlük, həm də psixoloji dayaq rolunu oynaya bilər. Ancaq burada bir qeyri-müəyyənlik də var: Berdıyevin klubla müqaviləsinin gələcəyi hələ tam aydın deyil və bu fakt komandanın hazırlıq prosesinə təsir edə bilər. Onun tovuzlularla anlaşmasının iki ili gələn ay tamam olacaq. Amma müqavilədə müddəti əlavə bir il uzatmaq maddəsi də yer alıb.
“Turan Tovuz” hara kimi irəliləyə bilər?
Bəs, “Turan Tovuz” Konfrans Liqasında hara kimi irəliləyə bilər? Real yanaşsaq, ilk hədəf ikinci təsnifat mərhələsini keçmək olmalıdır. Bu mərhələ adlansa, komanda artıq Avropa ritminə uyğunlaşacaq və üçuncü mərhələdə sürpriz etmək potensialı yaranacaq. Daha uzağa getmək isə heyətin dərinliyi, transferlər və püşkatmanın şansına bağlı olacaq.
Ümumilikdə isə, “Turan Tovuz”un Konfrans Liqası hekayəsi nəticədən asılı olmayaraq, böyük bir başlanğıc ola bilər. 32 illik fasilədən sonra Avropa səhnəsinə qayıdış özü-özlüyündə klub üçün yeni bir status deməkdir. Düzgün planlama, transfer siyasəti və taktiki sabitlik qorunsa, Tovuz təmsilçisinin təkcə iştirakçı yox, sürpriz edən komandalardan birinə çevrilməsi də mümkündür.
“Turan Tovuz”a rəhbərlik tərəfindən də ciddi dəstək göstərilir. Mövsüm boyunca ən böyük azarkeş dəstəyi də məhz bu komandanın ev oyunlarında müşahidə olunub. Bu səbəbdən, avrokubok qarşılaşmalarının Tovuz şəhər stadionunda keçirilməsi istiqamətində də hazırlıqlar və müzakirələr davam edir. Yəni, komandaya mümkün qədər şərait yaradılıb və dəstək göstərilir. İndi əsas məsələ meydanda bu etimadı doğrultmaqdır. Rəqibin kimliyindən asılı olmayaraq, layiqli mübarizə aparmaq və Avropada mümkün qədər irəliləmək əsas hədəf olmalıdır. Əks halda, əvvəlki illərdə Azərbaycanı avrokuboklarda təmsil edən digər komandaların timsalında rast gəlinən zəif çıxışın təkrarlanması klub adına xoş mənzərə olmayacaq. Ona görə də, indidən ciddi hazırlaşmaq, həm azarkeşlərin etimadını doğrultmaq, həm də onları məyus etməmək vacibdir.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



