Əli Rəhimzadə: “Finalda onunla maraqlı görüşümüz ola bilərdi”

Azərbaycan güləşçiləri üçün bu il ikinci yarış Kiyev turniri oldu.

Komanda.az xəbər verir ki, fevralın 26-dan 28-dək Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən ənənəvi yarışda idmançılarımız 6 medal qazandı.

Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə 65 kq-da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Ötən il İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanan həmyerlimiz bir illik fasilədən sonra qatıldığı növbəti yarışda da uğurlu çıxış etməyi bacardı.

Rəhimzadə Azərbaycan Güləş Federasiyasının saytına verdiyi açıqlamada Kiyev turnirinə hazırlıq və yarışdakı çıxışı ilə bağlı bunları deyib:

“Əslində ilin əvvəlində Fransada keçirilən qran-pri turnirində də iştirak etməliydim. Ancaq zədələndiyim üçün Nitsaya gedə bilmədim. Daha sonra Bakıda fiziki hazırlıq üzərində qurulmuş yaxşı təlim-məşq toplanışı keçdik. Fevralın 8-dən Mahaçqalada toplanışa başladıq. Dağıstanın ən güclü güləşçiləriylə birgə yüksək səviyyədə toplanış keçdik. Bizim orada hazırlıq keçməyimiz çox xeyrimizə oldu. Güclü rəqiblərlə işlədik. 61 və 65 kq-da çıxış edən güclü güləşçilərlə məşq etdik. Onlar da Rusiya çempionatına hazırlaşırdı. Bizim orada təlim-məşq toplanışı keçməyimizə şərait yaradan AGF rəhbərliyinə, səhvlərimizi bir-bir başa salan baş məşqçimiz Namiq Abdullayevə və böyük məşqçimiz Zəlimxan Hüseynova minnətdaram.

Turnirə gəlincə, bu il ilk yarışıma çıxırdım. Əlbəttə, bir qədər həyəcan var idi. Ancaq ilk görüşdən sonra bu həyəcan keçdi. Yalnız ukraynalı Vasili Şuptarla qarşılaşma çətin keçdi. Bu da ona görə idi ki, qırğız Alibek Osmanovla görüşdən cəmi 15 dəqiqə sonra məni xalçaya çağırdılar. Şuptar təcrübəli güləşçidir. Ancaq son saniyələrdə qələbə xalını ala bildim. Şota Partenadzeylə görüş 3:3 başa çatsa da, həmin qarşılaşmanı rahat keçirdim. Çünki qələbə qazanacağıma inanırdım. Finalda məğlub etdiyim Qırğızıstan güləşçisi də güclü idi. Açığı, finalda Turan Bayramovla qarşılaşacağımı düşünürdüm. Təəssüf ki, Ernazar Axmataliyevlə görüşdə bəzi səhvlərdən rəqibə xallar verdi. Yoxsa Turanla finalda maraqlı görüşümüz ola bilərdi”.