Xaosun içindən çıxan “Qarabağ”

Vüsal “Aydın” Qəmbərov

2011-in bahar ayları idi. “Azərsun”da “brand manager” işləyirdim. Şirkətin həyətində Qurban Qurbanov və Rəşad Sadıqovu gördüm. “Azərsun”un ən dəyərli idarəçilərindən olan Fevzi bəy əlində nəsə bir qovluğu incələyə-incələyə öndən gedirdi, Qurban müəllim, Asif Əsgərov və Rəşad isə sırayla arxasınca. Qurban bəyin “Qarabağ”ı həmin mövsüm də çempion ola bilmirdi. Tarix dəqiq yadımda deyil, amma çempionat hələ bitməmişdi. Yollandıqları yer CEO-nun ofisi olan bina idi.

“Rusenborq” zəfəri ilə başlayan enerji davam etsə də, avrokuboklarda üzümüzü güldürən nəticələr göstərsə də, bu hələ o “Qarabağ” deyildi. Hələ 6 il, xeyli seleksiya işi, milyonlarla manat büdcə, bir xeyli əsəb gərginliyi, Zelinkanın ədalətsizliyi, PAOK-u hər iki oyunda udandan sonra onu özündən qabağa buraxıb qrupda qalmaq, 2014-dən başlayaraq çempionluğu “monopiliya”ya almaq və çox-çox çalışmaq lazım idi ki, 2017-nin avqustundan Çempionlar Liqasının qrup mərhələsinə o arzulanan vəsiqəni qazanaq. Və ya bir 4 il də gözləməliydik ki, qrup mərhələsini adlayaq…

O mənzərə hələ o dövrdə qulağıma pıçıldamışdı ki, bu addımlar tamam başqa addımlardır…

Düzü, çox adam elə bilirdi ki, 1, 2, 3 dəfə qrup mərhələsində yer almaq, ÇL-in himnini Bakıda səsləndirmək bir Azərbaycan klubu üçün limitdir, dirənən yerdir, bundan o tərəfi yoxdur.

***

İcazə versəz, illərdir hər zaman, hər şəraitdə, hər kəslə danışanda istifadə etdiyim bir cümlənin ətrafında söhbət edək: Qurban Qurbanov və “Qarabağ” Azərbaycan futbolunda möcüzədir.

Qurban Qurbanovu lider kimi təhlil etməyə çalışacam. Ondan öncə əvvəlcə bu möcüzənin miqyasını izah etməliyəm. Bunu etmək lazımdır, çünkü tanıdığım və tanımadığım bir çox insanın “Qarabağ”dan və onun da təsiri ilə Azərbaycan futbolundan xəyalpərəst gözləntilərə girdiyini görürəm.

Sonra isə möcüzənin gizli qəhrəmanlarını mütləq yad etmək lazımdır. Çünkü biz xalq və azarkeş, hətta daha ağrılısı odur ki, idman mediası olaraq futbolun oyun olmadığını, təşkilati proses olduğunu dərk etmirik.

Möcüzənin miqyası

Məsələ sadəcə milli komanda ilə klublarımızın və onların da içində “Qarabağ”ın digərləri ilə müqayisəsi deyil. Azərbaycan futbolunda “Qarabağ”dan başqa, yaşadığımız bütün uğurlar təsadüfi və ya dayanıqsız olub və belə gedərsə, olmağa davam edəcək. Təsadüfi, məsələn, “Bakı”nın Avropa Liqasının pley-offunda iştirakı, dayanıqsız, məsələn, həmin o məşhur “Neftçi” və ya iki mövsüm 1-ci mərhələdən qrupa qədər gedən “Qəbələ”… Bunun üçün iki ciddi səbəb var.

Əvvəla, bizdə futbol kültürü yoxdur. Bizim qadın voleybolu və qadın həndbolu klublarımız SSRİ vaxtında ölkənin ən yaxşılarından olub. SSRİ yığmasına möhtəşəm oyunçular göndərmişik. Kişi futbolunda isə Rusiya, Ukrayna, Gürüstan, Belarus və Ermənistan çempion çıxarda bilmiş beş ölkədir. Biz SSRİ-də futbolda Litva və Qazaxıstanla birgə ortabab ölkə olmuşuq. Ölkə içində ortabab… Bir çox mövsüm çempionatın əsas liqasında təmsilçimiz olmayıb. Futbolu sevməyimiz hələ bizim futbol ölkəsi olmağımız anlamına gəlmir.

Amma İslandiyanın, Sloveniyanın, Lüksemburqun, Şimali İrlandiyanın etdiyi kimi, sistematik çalışaraq, bunun boşluğunu aradan qaldırmaq olardı. Bəla odur ki, ikinci daha vacib faktor var. Bizdə futbola ayrılan bir milyard manatdan çox pul olduğu hesablanır, amma futbol sənayesinə gəlmiş insanların 99 faizinin məqsədi nəyinsə inkişafı, yaxşılaşdırılması, irəlilədilməsi olmayıb, sadəcə cibini doldurmaq olub. Dövlət 2003-dən sonra klubları iş adamlarına təhkim edəndə, məsələn, o biznesmenlərdən biri 3 milyon manatı ayırdı bir lazımsız kluba və dedi ki, “filankəs, mənim vaxtım yoxdur, get bu işlə məşğul ol”. Nəticə? İki ildə kimsə milyoner oldu və daha bir klub tarixin yaddaşına köçdü. Sonra bu model işləməyincə iş adamları çəkildi və indi artıq demək olar bütün klubları AFFA idarə edir.

Bu 20 ildə bircə istisna oldu – “Qarabağ”.

2000-ci ildə, hələ futboldakı “inqilab”dan əvvəl “Azərsun” götürdü klubu və hətta bir müddət komanda “Qarabağ-Azərsun” adlandı. Sonra baxdılar ki, xoş görünmür, yenidən “Azərsun”u yığışdırdılar.

Amma “Azərsun”u digər bütün şirkətlərdən ayıran bir şey var: nəinki 3 milyon, heç 3 mini belə, “filankəs, get bu klubu idarə et” deyib verməz. Şirkət, ölkədə bir çox menecment kültürünün əsasını qoyub və əməliyyatları, maliyyəni idarə etmə sistemi Azərbaycanın fövqündədir. Bu layihəyə də digər markalarının idarə etməsi kimi yanaşan şirkət, ildən-ilə, artıra-artıra Avropa səviyyəli kluba çevirdi “Qarbağ”ı.

Və bu prosesin ən doğru addımlarından biri də Qurban Qurbanovu idarəetməyə gətirib, ona tam güvənməsi oldu. Bilənlər bilir, Qurban Qurbanov bu illərdə neçə dəfə istefanın kandarına gəlib. Hətta bir dəfə ayrılmaq istədiyini desə də, klub rəhbəri Tahir Gözəl çıxıb ona tam güvəndiklərini elan etdi. 2011/12 mövsümündə klub avrokuboklara çıxa bilməsə də, şirkət onu saxladı.

“Qarabağ”ın idarəetməsinin mediadakı simaları Tahir Gözəl və Əmrah Çəlikəldir. Klubu və işini sevən peşəkar insanlar. Amma vaxtilə işlədiyim şirkətin kültürünə bələdəm və dəqiq bilirəm ki, Fevzi bəy personası “Qarabağ”ın uğurlarındakı açar faktorlardandır. Və təbii ki, fəxrimiz Asif Əsgərov. Çox adam bilməz, amma Asifin UEFA-da və Avropa Klublar Birliyində çox böyük nüfuzu var. İnanılmaz dərəcədə çalışqan insandır və üç ilə yaxındır birliyin katibidir.

Və gələk əsas məsələyə…

Qurban Qurbanov.

Qurban bəyin futbol məşqçisi kimi təhlili mənə elə də maraqlı deyil.

Düzü, bu baş məşqçi sözü də arxaikdir və yanlışdır. Bu məqamı dəyərli dostum Nurlan İbrahimovla söhbətdə o xatırlatdı. Həqiqətən, doğrudur ki, “kouçlar” klublarda məşq işinə baxmır, məşqi onların müxtəlif köməkçiləri idarə edir. Gördüyümüz insanlar isə artıq məşqçi deyillər, texniki direktordurlar. Daha çox menecerdirlər. Taktiki istiqamətləndirmə, motivasiya, analiz, strateji gedişlər v.s. Bunlarla məşğuldurlar.

Qurban hoca isə elə məncə, əsl HOCAdır.

Qurban bəyin futbola baxışı anladığım qədəriylə Qvardiolanın “Barselona”sından təsirlənib. Və “Qarabağ”dakı dövrlərində daim öyrənmək və bildiyini dərinləşdirmək üzərində çalışır. Bu mənada, məntiqli bir oyun oynayan komanda idarə edir. Söz yoxdur. Dərinə enməyəcəyik.

Amma bir idman adamından çox bir lider, bir idarəçi olaraq Qurban Qurbanov əsl fenomendir.

Gəlin xırdalayaq.

1. Xarizma

Bu, Allah vergisidir. Təbii ki, irsi özəlliklər, böyüdüyü mühit də təsirlidir. Amma xarizmanın önəmli hissəsi doğuşdan verilir. Qurban bəydə ən çılğın futbolçuları belə, özünü yığışdırmağa məcbur edən bir xarizma var. Bunu əcnəbi futbolçuların müsahibələrində görmək olur. Zəhmli, ağır təbiətli sözləri şəxsən mənim üçün hər zaman müsbət assosiasiya olunan bir şey deyil, amma bu halda çox böyük önəmə sahibdir.

2. Ədalət

Qurban Qurbanovu tanıyan insanlar birmənalı olaraq onun ədalətinə vurğu edir. Deyirlər ki, öz dediyinin yerinə yetirilməsinə diktatura səviyyəsində nəzarət edir, amma heç kim də dediyinə irad bildirə bilməz. Çünkü demək olar hər zaman haqlıdır. Bu ədalət hissinin dini inancdan gəldiyini təxmin edirəm. Bir də zaqatalalı olmasından. Zaqatala onsuz da, Azərbaycanda ədalətli və haqsızlıqla barışmayan bir icmaya sahib rayon kimi seçilir. Üstəlik, kəskin dağ şəraitində insanlar birgə, doğruları taparaq yaşamağı öyrənib. Orda bir növ insanlar bir-birinə qarşı yox, birlikdə təbiətə qarşı mübarizə aparır. Üstəlik, Rusiyanın imperialist təzyiqini də ən çox hiss edən yerlərdən olub deyə, ciddi bir köməkləşmə və dolayısıyla ədalət prinsipi formalaşıb.

3. İntellektual və emosional zəka

Qurban Qurbanovun müsahibələri və oyun sonrası açıqlamalarındakı zəka bizim heç özünü oxumuş sayan ictimai fiqurlarda yoxdur. Hoca heç bir vergülü belə, artıq işlətmir. Amma burası gerçəkdir ki, bir lider kimi Qurban Qurbanov texniki ekseprt lider yox, xidmətkar/xarizmatik liderdir. Yəni onun ən güclü tərəfi emosional zəkasıdır. Nə çılğın şəkildə sevinir, nə futbolçuları haqqında ictimaiyətə tənqidi fikir bildirir, nə son fit çalınmadan nəyinsə bitdiyini düşünür, nə də eqosunu önə verdiyini görərsən. Bir sözlə, əsl məktəbdir.

Futbola strateji yanaşmağı nə vaxtdan dərk etdiyini və kimdən təsirləndiyini özündən soruşmaq istəyərdim. Azərbaycan üçün möcüzə kimi bir şeydir. Bütün digər klublarımızın oyununa baxanda bir xaos var. “Qarabağ” isə 13 ildir eyni məntiqdə futbol oynayır. Eyni futbolu demirəm ha, eyni məntiqdə.

4. Çalışqanlıq və disiplin

Hoca hələ də, “Qarabağ”dakı ən çalışqan insandır. Hamıdan tez gəlir, hamıdan sonra gedir. Biliklərini daim dərinləşdirir. Oyunçularının hal və əhvalını izləmək üçün əlavədən enerji xərcləyir. Onlara hörmət edir və qarşılığında hörmət görür. Bu, zəhmətsiz başa gəlmir. Disiplindən kənarlaşmaqla da heç cür barışmır. Bu özəllikdir ki, ona tabe olan bütün futbolçular onunla işlədiyi dövrdə üstünə qoya bilib.

Və bu arada, xətrini istədiyim bir dostumun maraqlı müşahidəsi var. “Qarabağ” heç vaxt “böyük beşlik” klubuna qalib gələ bilməsə də, bu tərəfdən, heç bir aşağı reytinqli komandanın sürpriz etməsinə imkan verməyib. Uduzduğu və ələndiyi klubların hamısı təxminən özü əyarda və özündən daha ranqlı klublar olub. Bu da elə Qurban Qurbanovun nizam-intizamının və qismən də emosional zəkasının nəticəsidir. Sabitlik abidəsi!

Qurban Qurbanovun bir müsbət xüsusiyyəti də tərifi sevməməsidir. Bunlar tərif deyil. Əlimdən gəldikcə onun liderliyini analiz etməyə çalışdım. Ümid edirəm ki, Azərbaycan idmanında onun kimi başqa nümunə insanlarımız olar ki, zövqlə menecment üslubunu təhlil edək. Hələlik isə “Qarabağ” möcüzəsinin davamı üçün Allaha dua edirik və Qurban bəyə can sağlığı, belə davam etməsini arzu edirik!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button