“Ümid edirəm ki, Mahir qarşıdakı matçlarda tilsimi qıracaq” – “Legiya”nın baş məşqçisi

Polşanın “Legiya” klubunun baş məşqçisi Marek Qolembevski komandanın hücum xəttindəki rəqabətlı bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, polşalı mütəxəssis yerli mətbuata açıqlamasında Mahir Emreli ilə Tomaş Pexartı müqayisə edib, azərbaycanlı futbolçunun fərqli keyfiyyətlərə malik olduğunu bildirib:

“Hazırda Emreli və Pexart meydana start heyətində çıxmaq üçün bir-biri ilə yarışır. Məşqdə özünü yaxşı tərəfdən göstərən futbolçu daim oynayacaq. Mahir sürətli və güclü oyunçudur. Pexart isə cərimə meydançasında hava topları zamanı yaxşı oynayır. Çexiyalı hücumçu tipik “9 nömrə”dir. Ötən mövsüm 20 qol vurduğu üçün onunla tez-tez danışır, bunu unutmamalı olduğunu söyləyirəm. Təəssüf ki, hər zaman istədiyi topları ala bilmir. Bəzən isə zərbələrdə dəqiqlik çatmır. Ümid edirəm ki, hər ikisi qarşıdakı matçlarda tilsimi qıracaq”.

Mahir Emreli cari mövsümdə “Legiya”nın heyətində 10 qol vurub. Lakin o, son oyunlarda fərqlənə bilmir. Azərbaycanlı futbolçu yalnız son turda “Yagelloniya”nı 1:0 hesabıyla üstələdikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb.