Turan Bayramov AÇ-nin finalına vəsiqə qazandı

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb.

Komanda.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Əfqan Xaşalov ilk görüşdə yunan rəqibinə vaxtından əvvəl qalib gəlib. Həmyerlimiz daha sonra rumıniyalı güləşçiylə gərgin keçən görüşdə də sevinən tərəf olub və yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında Rusiya təmsilçisiylə bacarmayıb.

Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib. Gürcüstan təmsilçisini də yolundan kənarlaşdıran Əli adını yarımfinala yazdırıb. Bu mərhələdə Rusiya güləşçisiylə görüş olduqca maraqlı alınıb. Rəhimzadə hesabda 4:0 öndə olsa da, ikinci hissədə təşəbbüsü əldən verib və finala çıxa bilməyib.

Turan Bayramov 1/8 finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Türkiyə güləşçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Bayramov hesabda 3:2 öndə olarkən rəqib zədələndiyi üçün görüş saxlanılıb və həmyerlimiz yarımfinala yüksəlib. Böyüklərin Avropa çempionatında debüt edən Turan ukraynalı rəqibinə də gücünü göstərərək finalda iştirak hüququ qazanıb.

Rəşad Yusifli debütdə polşalı həmkarı üzərində inamlı qələbə qazanıb. Rəşad bolqar idmançını da məyus edərək 1/4 finala yüksəlib. Belaruslu həmkarından da güclü olan Yusifli yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Fransa təmsilçisi ilə dueldən məğlub ayrılan güləşçimiz sabah bürünc medal görüşünə çıxacaq.

Şamil Zubairov rumıniyalı idmançı xalça üzərinə çıxmadığı üçün növbəti mörhələyə yüksəlib. Ancaq 1/4 finalda türkiyəli rəqibinə uduzub. Rəqib finala yüksəldiyi üçün Zubairov aprelin 20-də təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, final qarşılaşmaları sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan) 10:0
1/4 final: Əfqan Xaşalov – Razvan Kovaçs (Rumıniya) *3:3
1/2 final: Əfqan Xaşalov – Naçın Monquş (Rusiya) 0:2
Bürünc medal görüşü: Əfqan Xaşalov – Aryan Tsiutrin (Belarus) / Givi Davidovi (İtaliya)

65 kq
1/8 final: Əli Rəhimzadə – Gevorq Tadevosyan (Ermənistan) 2:1
1/4 final: Əli Rəhimzadə – Şmaqi Todua (Gürcüstan) 9:4
1/2 final: Əli Rəhimzadə – Zaqir Şaxiyev (Rusiya) 5:8
Bürünc medal görüşü: Əli Rəhimzadə – George Ramm (Böyük Britaniya) / Andrey Svirid (Ukrayna)

70 kq
1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya) 10:0
1/4 final: Turan Bayramov – Haydar Yavuz (Türkiyə) 3:2 (rəqib zədələnib)
1/2 final: Turan Bayramov – İqor Nikiforuk (Ukrayna) 5:0
FİNAL: Turan Bayramov – İsrail Kasumov (Rusiya)

79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa) 9:0
1/8 final: Rəşad Yusifli – Oktay Hasan (Bolqarıstan) 3:0
1/4 final: Rəşad Yusifli – Andrey Karpaç (Belarus) 7:4
1/2 final: Rəşad Yusifli – Sayfedin Alexma (Fransa) 1:6
Bürünc medal görüşü: Rəşad Yusifli – Osman Haydari (Albaniya) / Alans Amirovs (Latviya)

97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya) +:-
1/4 final: Şamil Zubairov – Süleyman Karadeniz (Türkiyə) 4:6
Təsəlliverici görüş: Şamil Zubairov – Radu Lefter (Moldova)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button