Rakitiç özünü qızıyla müqayisə etdi: “Mən də hazırda eyni hissləri keçirirəm”

Cari mövsümdə “Barselona”nın heyətində çox oynamaq şansı qazanmayan İvan Rakitiç açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mövcud vəziyyətdən narazı olduğunu bildirən xorvatiyalı futbolçu, daha çox oynamaq istədiyini deyib:

“Kiçik qızımın əlindən oyuncağını alanda məyus olur. Mən də hazırda eyni hissləri keçirirəm. Topumu əlimdən aldılar, çox təəssüflənirəm. Artıq meydanda daha çox olmaq istəyirəm.

Məşqçilərin və klubun qərarlarını başa düşürəm, hörmət edirəm, amma burda olduğum beş ildə “Barselona”ya çox böyük fayda verdiyimi düşünürəm. Mənim hazırda 38 deyil, 31 yaşım var və ən yaxşı dövrümdə olduğumu hiss edirəm”.

2014-cü ildən “Barselona”nın şərəfini qoruyan 31 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub. Onunla “İnter”, “Yuventus”, “Milan” və “Atletiko”nun yaxından maraqlandığı bildirilir.