ŞOK: Messi “Barselona”dan getdi

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi İspaniyanın “Barselona” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti bu yay başa çatmışdı. Tərəflərin ən qısa zamanda yeni sözləşmə imzalaması gözlənilirdi. Hətta onun maaşında böyük endirimə razı olduğu da bildirilirdi. Lakin bu gün “Barselona” hər kəsi şoka salacaq açıqlama yayıb. Xəbərdə bildirilir ki, La Liqanın maliyyə tələbləri ilə əlaqədar Messi ilə “Barselona” arasında yeni müqavilə bağlamaq mümkün olmayıb. Açıqlamada futbolçu ilə yeni müqavilə barədə hərtərəfli razılığa gəlindiyi, ancaq məhz La Liqa qanunlarının buna imkan vermədiyi xüsusi vurğulanıb. Klub və futbolçunun bununla əlaqədar böyük məyusluq duyduğu da qeyd olunub. “Barselona” Messiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcəkdə uğurlar arzulayıb.

Qeyd edək ki, Lionel Messi “Barselona”nın öz yetirməsidir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edirdi. Bu müddət ərzində 778 matça çıxan forvard, 672 qola imza atıb.