SOCAR-ın prezidenti “Neftçi”yə qarşı – FOTO

Neftçilər Günü və “Neftçi” klubunun 85 illiyi münasibətilə Neft Daşlarında mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib.

Klubdan Komanda.az-a verilən məlumata görə, matçda iştirak etmək üçün SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz və rəsmi şəxslərdən ibarət nümayəndə heyəti Neft Daşlarına səfər edib.

Öncə nümayəndə heyəti ümummilli lideri Heydər Əliyevin Neft Daşlarında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Sonra Ulu Öndərin adını daşıyan muzeylə tanış olan nümayəndə heyətinə ümummilli liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar, habelə ictimai-siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablar haqqında ətraflı məlumat verilib.

Qari Counz muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb. Səfər çərçivəsində görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən dənizdə həlak olan neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş neftçilərin abidə kompleksini ziyarət edən nümayəndə heyəti şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla yad edib, daha sonra “Neft Daşları”nın 30 illiyi münasibətilə ucaldılmış kompozisiya ilə tanış olub.

“Neftçi” komandası ilə neftçilər arasında keçirilən mini-futbol üzrə yoldaşlıq görüşündən əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Vətən uğrunda şücaət göstərərək canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Futbolçular topları, neftçilər dəbilqələri qarşılıqlı olaraq bir-birlərinə hədiyyə ediblər.

Rövşən Nəcəf və Qari Counzun da iştirak etdiyi futbol qarşılaşması maraqlı idman mübarizəsi şəraitində keçib. Oyun 5:5 hesablı bərabərliklə başa çatıb. Sonda oyun müddətinə Neft Daşları komandasına baş məşqçi olaraq təyin edilən, 42 il Neft Daşlarında çalışmış və təqaüd yaşına çatan təcrübəli neftçi Şirinağa Əlizadə “Azneft” İstehsalat Birliyi adından təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnaməni SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdim edib.

Həmçinin, “Neftçi” adından Neft Daşlarına futbolçuların imzaladığı oyun forması xatirə olaraq hədiyyə edilib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button