“Sivasspor”un prezidenti: “Qardaş ölkənin komandası ilə oynayacağıq”

“Ölkəni Avropa Liqasında təmsil edən yeganə komanda bizik. Bunun üçün bir az həyacanlıyıq və məsuliyyəti dərk edirik”.

Komanda.az xəbər verir ki, bu fikirləri “Qarabağ”la birlikdə Avropa Liqasının İ qrupunda yer alan Türkiyənin “Sivasspor” klubunun prezidenti Mecnun Otyakmaz “BeIN Sports”a açıqlamasında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, avrokubok matçları reytinq xalları baxımından da önəmlidir: “Rəqibimiz Şotlandiya ilə aramızda xal fərqi azdır. Onların komandaları “Başakşəhər” və “Sivasspor”dan çox xal toplasalar, aşağı pilləyə düşəcəyik. Bəlkə də, çempion olan komanda Çempionlar Liqasının pley-offunda oynayacaq. Bu səbəbdən, önəmli vəzifəmiz var. Maraqlı qrupa düşmüşük, İspaniya “Vilyarreal”ından sonra “Makkabi” və “Qarabağ” ilə oynayacağıq. Bizi maraqlı matçlar gözləyir. Qardaş ölkənin komandası ilə görüşəcəyik”.

Otyakmaz ev oyunlarında azarkeşlərin 30 faizinin iştirakı üçün UEFA-ya və Türkiyə Futbol Federasiyasına müraciət etdiklərini də xatırladıb.

Qeyd edək ki, “Qarabağ” “Sivaspor”a qarşı ilk oyununu noyabrın 5-də səfərdə, ikinci qarşılaşmasını isə noyabrın 26-da evdə keçirəcək.