Simeonedən “Atletiko”dan ayrılmaq istəyən Alvares haqda açıqlama

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Argentina millisinin futbolçusu Avstriya yığması ilə matçdan (2:0) sonra klubunu tərk etmək istədiyini açıqlamışdı. Bununla da, onun “Barselona”ya mümkün keçidi ilə bağlı xəbərlər yenidən gündəmə gəlib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Simeone, həmyerlisinin klub üçün vacib fiqur olduğunu vurğulayıb:

“Biz oyunumuzu və gələcək layihəmizi Alvaresin ətrafında qurmağı planlaşdırırıq. O, komandaya gələndən yanaşmamız dəyişməyib. Hazırda diqqətini milliyə yönəltməlidir. Son vaxtlar yayılan söz-söhbətlər barədə düşünməsinə ehtiyac yoxdur. Hər şey vaxtı gələndə həllini tapacaq.

Alvares möhtəşəm futbolçudur. Şübhəsiz ki, dünyanın ən yaxşı beş oyunçusundan biridir. Onun işindən çox razıyıq. Mən onu nümunəvi peşəkar hesab edirəm və ona heç bir iradım yoxdur. Ümid edirəm ki, dünya çempionatında ən yaxşı oyununu göstərəcək”.

Argentina millisi dünya çempionatının 1/16 finalında iyulun 4-də Kabo-Verde yığması ilə qarşılaşacaq. Oyunun start fiti saat 02:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button